İrana səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2005-ci il yanvarın 24-26-da İran İslam Respublikasında səfərdə olublar.

Yanvarın 24-də Tehranın Mehrabad hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı İranın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

İran Prezidentinin xanımı Zəhra Sadeqi Xatəmi ilə görüş

Yanvarın 24-də Mehriban Əliyeva Tehranda İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəminin xanımı Zəhra Sadeqi Xatəmi ilə görüşüb.

İran Mərkəzi Bankı nəzdindəki Ləl-cəvahirat muzeyi ilə tanışlıq

Yanvarın 24-də Mehriban Əliyeva İran Mərkəzi Bankı nəzdindəki Ləl-cəvahirat muzeyi ilə tanış olub. Birinci xanım muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Tehranda xalça muzeyi ilə tanışlıq

Yanvarın 24-də Mehriban Əliyeva Tehrandakı xalça muzeyində olub. Mehriban Əliyevaya muzeydə saxlanılan əl işləri haqda məlumat verildi.

Birinci xanım burada xalçanın toxunma prosesini izlədi, miniatür sənətindən ibarət sərgiyə və muzeydə nümayiş etdirilən digər eksponatlara baxdı.

İran Dövlət Məsləhət Şurasının sədrinin qızı Fatimə Rəfsəncani ilə görüş

Yanvarın 25-də Mehriban Əliyeva İranın sabiq Prezidenti, hazırda Dövlət Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Fatimə Rəfsəncanini qəbul edib.

İran şahı Məhəmməd Rza Pəhləvinin sarayını ziyarət

Yanvarın 25-də Mehriban Əliyeva Tehranda İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin sarayını ziyarət edib. Birinci xanım sarayın ayrı-ayrı otaqlarını gəzdi, məişət və bəzək əşyalarına baxdı.

Xüsusi Xəstəliklər Mərkəzi ilə tanışlıq

Yanvarın 25-də Mehriban Əliyeva Xüsusi Xəstəliklər Mərkəzi ilə tanış olub.

Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun şəkərli diabet xəstəliyinə tutulan uşaqlara yardım proqramı haqda danışdı, hazırda talassemiyalı uşaqlara yardım proqramı üzərində iş getdiyini bildirdi.

Xanım Fatimə Rəfsəncani rəhbərlik etdiyi fondun bu sahədə Heydər Əliyev Fondu ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu söylədi.

Mehriban Əliyeva mərkəzlə tanışlıqdan məmnun qaldığını bildirdi, səhiyyə ocağının kollektivinə uğurlar arzuladı.

Təbriz şəhərinə səfər

Yanvarın 26-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Təbriz şəhərinə səfər ediblər. Prezident və xanımını Şərqi Azərbaycan əyalətinin valisi Məhəmmədəli Sübhanullahi və digər rəsmi şəxslər qarşıladılar.

Təbriz traktor zavodu ilə tanışlıq

Yanvarın 26-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İranın ən böyük sənaye müəssisələrindən olan Təbriz traktor zavodunda olublar.

Dövlət başçısı və xanımı zavodun ayrı-ayrı sexlərində istehsal prosesi ilə tanış oldular, müəssisədə buraxılan kənd təsərrüfatı maşın və mexanizmlərinə baxdılar.

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə ziyafət

Yanvarın 26-da Təbrizin “El gölü” mehmanxanasında Şərqi Azərbaycan əyalətinin valisi Məhəmmədəli Sübhanullahinin adından Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə ziyafət verildi.

24-26 yanvar 2005-ci il