Mehriban Əliyeva UNESCO-nun Baş Konfransının sədri Hao Pinq ilə görüşüb

Mayın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunxoşməramlı səfiri Mehriban Əliyeva UNESCO-nun Baş Konfransının sədri Hao Pinq ilə görüşüb.

Mehriban Əliyeva həm Azərbaycan dövlətinin, həm də Heydər Əliyev Fondunun UNESCO ilə əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib. “Mənim üçün şərəfdir ki, 10 ilə yaxındır UNESCO-nun xoşməramlı səfiriyəm”, - deyən Mehriban Əliyeva bildirib ki, Azərbaycan ilə UNESCO arasında əlaqələrildən-ilə daha da genişlənərək yüksək səviyyəyə çatıb.

Heydər Əliyev Fondunun təkcə Azərbaycanda deyil, digər ölkələrdə də UNESCO ilə birgə layihələr həyata keçirdiyini xatırladan birinci xanım bu əməkdaşlığın gələcəkdə də inkişaf etdiriləcəyini, yeni layihələrin reallaşdırılacağını vurğulayıb.

Hao Pinq isə öz növbəsində UNESCO-nun baş direktoru İrina Bokovanın və təşkilatın xüsusi elçisi, Çinin birinci xanımı Pen Liyuanın salamlarını Mehriban Əliyevaya çatdırıb, Heydər Əliyev Fondunun elm, təhsil və mədəniyyət sahələrində UNESCO ilə birgə həyata keçirdiyi layihələrlə əlaqələrin inkişafına böyük töhfə verdiyini söyləyib.

Qonaq Azərbaycanın və paytaxt Bakının inkişafından məmnunluğunu ifadə edib.