Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Gimnastika Arenasının açılışında iştirak ediblər

Aprelin 16-da Bakıda Milli Gimnastika Arenasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.

Əsasən gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri buranın digər idman tədbirlərinin və yarışların keçirilməsi üçün uyğunlaşdırılmasıdır.

Gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 10 minə qədər artırmaq mümkündür. Kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva zalda yaradılan şəraitlə tanış oldular, gimnastların məşq prosesinə baxdılar.

Dövlət başçısı və xanımı gimnastlarla xatirə şəkli çəkdirdilər.

Prezident İlham Əliyevə “Beynəlxalq İdman Mətbuatı Assosiasiyası – AİPS-nin tarixi” kitabının ilk nüsxəsi təqdim olundu.

Dövlət başçısı görülən işləri yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.