Mehriban Əliyeva İƏT-in XIII Sammiti çərçivəsində “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” mövzusunda sessiyada iştirak edib

Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammiti çərçivəsində “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” mövzusunda sessiya keçirilib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiyada iştirak edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Türkiyənin birinci xanımı Əminə Ərdoğan qarşılayıb.

Sessiya müqəddəs “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.

Sessiyanı Türkiyənin birinci xanımı açıb. Xərçəng xəstəliyinin qarşısının alınması və müalicəsinin mümkünlüyünü deyən Əminə Ərdoğan bu sahədə həyata keçiriləcək ilk tədbir kimi məlumat bankının yaradılması təşəbbüsünü irəli sürüb.

Mehriban Əliyeva sessiyada çıxış edib.

Sessiyada İƏT-ə üzv ölkələrin dövlət başçılarının xanımlarının “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” Bəyannaməsi imzalanıb.

Sonda xatirə şəkli çəkdirilib.