Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahıda məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər

İyulun 5-də Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Məlumat verilib ki, Pirallahı rayonunda yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 306 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsi dövlətimizin başçısının 2011-ci ildə imzaladığı sərəncama əsasən yaradılıb. Layihə üzrə doqquzmərtəbəli 3 bina tikilib ki, bunlardan ikisi 72, biri isə 162 mənzillidir. Yaşayış kompleksinə məktəb də daxildir və burada digər zəruri infrastruktur obyektləri tikilib, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış kompleksidir.

Mənzillərdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, təmirli mənzillərdən 37-si birotaqlı, 107-si ikiotaqlı, 126-sı üçotaqlı, 36-sı isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 24 min kvadratmetrdir. Yeni yaşayış kompleksində hazırda Pirallahı rayonundakı yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaqlar.

Sonra Laçın rayonu Bozlu tam orta məktəbindəki şəraitlə tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, bu təhsil ocağı 220 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən məktəbdə təlim-tədris üçün hər cür şərait yaradılıb. Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər.

Məktəbin idman zalı da zəruri avadanlıqla təchiz edilib və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var.

Sonra dövlətimizin başçısı və birinci xanım məcburi köçkünlərlə görüşüblər.

Sonda xatirə şəkli çəkdirilib.