Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə yekun vurulub

Aprelin 28-də Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib. Əvvəlcə pilotların paradı və açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar.

Formula 1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qalıb.

Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər. Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi qərara əsasən, ötənilki mövsümdən etibarən həm parad, həm də himn mərasimlərində pilotlar azyaşlılar tərəfindən müşayiət olunurlar.

Əvvəlcə builki yarış üçün xüsusi tərtib olunmuş kubok təqdim edilib.

Açılış mərasiminə Azərbaycan Respublikasının dövlət himninin ifası ilə start verilib.

Dövlət himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjimanında səsləndirildi. Himni Azərbaycanın Əməkdar artistləri Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli birlikdə, müvafiq olaraq, muğam və klassik üslublarda ifa ediblər. Onları Əməkdar artistlər - tarda Şəhriyar İmanov, nağarada Kamran Kərimov, violonçeldə Emin Qaliyev və bəm nağarada Hüsaməddin Əzizov müşayiət ediblər.

Dövlət himninin ifa olunmasından sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət əsas yarışı başlayıb.

Final mərhələsində hər birində iki pilot olan on komanda mübarizə aparıb. Ötən gün keçirilən sıralama yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə “Mercedes” komandasının sürücüləri Luis Hamilton və Valtteri Bottas, “Ferrari” komandasının pilotu Sebastian Fettel dayanıblar.

Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Gərgin idman mübarizəsinin yekununda “Mercedes” komandasının pilotu Valtteri Bottas Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi adını qazanıb. O, 51 dövrəni hamıdan tez – 1 saat 31 dəqiqə 52,942 saniyəyə başa vurub.

Ondan 1,524 saniyə geri qalan komanda yoldaşı, ötənilki Bakı Qran-Prisinin qalibi Luis Hamilton ikinci olub. İlk üçlüyü liderə 11,739 saniyəlik fərqlə uduzan “Ferrari” komandasının sürücüsü Sebastian Fettel tamamlayıb.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq Finlandiyanın və Almaniyanın dövlət himnləri səsləndirilib.

Qran-Prinin qalibi Valtteri Bottasa kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.

Dövlətimizin başçısı Konstruktorlar kubokunu “Mercedes” komandasının nümayəndəsinə təqdim edib.

İkinci yerin sahibi, “Mercedes”in sürücüsü Luis Hamiltona kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Ferrari” komandasının sürücüsü Sebastian Fettelə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.