Mehriban Əliyeva “Caspian Energy İnteqration Award-2005” beynəlxalq mükafatına layiq görülüb

UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyeva "2004-cü ilin ictimai xadimi" nominasiyası üzrə "Caspian Energy İnteqration Award-2005" beynəlxalq mükafatına layiq görülmüşdür. Bu ən yüksək mükafatın verilməsi barədə qərar kluba daxil olan və 30 ölkəni təmsil edən 100-dən artıq şirkətin və təşkilatın keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən qəbul olunmuşdur.

Mükafatın təqdim edilməsi mərasimi qarşıdakı aylar ərzində Bakıda keçiriləcəkdir. Həmin mərasimdə klubun birinci və ikinci dərəcəli mükafatlarının da təqdim ediləcəyi gözlənilir.

Xatırladaq ki, beynəlxalq mükafat 2002-ci ildə təsis olunmuşdur. Xəzər-Qara dəniz hövzəsi ölkələrinin inkişafı və inteqrasiyasına xidmətlərinə görə Azərbaycan Prezidenti Heydər Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev həmin il bu mükafatla təltif edilmişdilər. 2003-cü ildə Prezident Heydər Əliyev klubun təsis etdiyi yeganə və xüsusi mükafata - "XX əsrin siyasi lideri" mükafatına, Prezident Nursultan Nazarbayev "İlin Avrasiya lideri" mükafatına, Prezident İlham Əliyev isə "İlin siyasi xadimi" mükafatına layiq görülmüşdülər.