Bədii gimnastika üzrə XI Azərbaycan çempionatı başa çatıb
19.12.2004Dekabrın 19-da ABU Arena idman kompleksində bədii gimnastika üzrə XI Azərbaycan çempionatının yekun yarışları keçirilmişdir.
Yarışları Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və Rusiya Gimnastika Federasiyasının vitse-prezidenti xanım İrina Viner izləmişlər.
Üç gün davam edən çempionatda 36 idmançı iştirak etmişdir. Dekabrın 17-də və 18-də keçirilmiş çoxnövçülük üzrə yarışların qalibləri elan olunmuşdur. 1994-1996-çı il təvəllüdlü idmançılardan 1-ci yeri Ailita Xələfova, 2-ci yeri Kamilə Məmmədova, 3-cü yeri Leyla Nərimanidze tutmuşlar. 1992-1993-cü il təvəllüdlü gimnastlardan Ceyla Quliyeva 1-ci, Əzizə Səlimbəyova 2-ci, Nigar Mirzəyeva isə 3-cü yerlərin sahibi olmuşlar. 1990-1991-ci il təvəllüdlülər arasında 1-ci yerə Zeynəb Cavadlı, 2-ci yerə Kristina Pavlunina, 3-cü yerə Zülfiyyə Əliyeva çıxmışlar.
Dekabrın 19-da gimnastlar müxtəlif alətlərlə çıxış edərək qələbə uğrunda mübarizə aparmışlar. İplə çıxışlarda 1-ci yeri Zeynəb Cavadlı, 2-ci yeri Zülfiyyə Əliyeva, 3-cü yeri Leyla Şamilova tutmuşlar. Topla çıxışlarda 1-ci yerə Zülfiyyə Əliyeva, 2-ci yerə Leyla Şamilova, 3-cü yerə Zeynəb Cavadlı çıxmışdır.
Gürzlərlə çıxışlarda Zeynəb Cavadlı 1-ci, Kristina Pavlunina 2-ci, Zülfiyyə Əliyeva 3-cü olmuşlar. Lentlə çıxışlarda 1-ci yerə Kristina Pavlunina, 2-ci yerə Zeynəb Cavadlı, 3-cü yerə Zülfiyyə Əliyeva layiq görülmüşlər.
Yarışlar bitdikdən sonra gimnastların iştirakı ilə qalakonsert olmuşdur. Çoxsaylı tamaşaçılar və idman həvəskarları Azərbaycan yığmasının aparıcı idmançıları Dinara Gimatova və Anna Qurbanovanın çıxışlarını maraqla izləmişlər.
Daha sonra Azərbaycan Gimnastika Federasiyası adından tanınmış məşqçilərə, ilk ərzində ən yaxşı nəticələr göstərmiş idmançılara və gimnastika yarışlarını fəal işıqlandıran kütləvi informasiya vasitələrinin nümayəndələrinə fəxri diplomlar təqdim olunmuşdur.