Mehriban Əliyeva Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının idarə heyətinin qərarı ilə qurumun fəxri mükafatına layiq görülüb.

Türk-Alman Dostluq Federasiyasının təşkilatçılığı ilə Almaniyanın Bavariya Federal Torpağının parlamentində mükafatın təqdim edilməsi ilə bağlı mərasim keçirilib.

Türk-Alman Dostluq Federasiyası tərəfindən təsis olunmuş və qədim yunan ilahələrindən Kübelenin adını daşıyan mükafat müxtəlif nominasiyalar üzrə tanınmış simalara təqdim olunur. İndiyədək federasiyanın mükafatlarına bir sıra nüfuzlu siyasətçilər, ictimai-siyasi xadimlər, iqtisadçılar, mədəniyyət işçiləri, məşhur idmançılar layiq görülüblər.

Laureatlar arasında Almaniya Kansleri Angela Merkel, bu ölkənin sabiq Prezidenti Yohannes Rau, parlamentin sabiq sədri Rita Silismud, Yaşıllar Partiyasının keçmiş sədri Kladio Rout, Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl, Bavariya Federal Torpağının baş naziri Qünter Bexştayn və başqaları olublar.

Türk-Alman Dostluq Federasiyasının prezidenti Cehan Sendan sayca 12-ci mərasimdə Mehriban Əliyevanın mükafata dünyada sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə layiq görüldüyünü söyləyib: “Mehriban xanıma xidmətlərinə görə minnətdarlığımızı bildiririk. Onun xidmətlərini necə önə çıxara bilərik? Türkiyə-Azərbaycan dostluğunu, Azərbaycan-Almaniya dostluğunu bizim federasiya vasitəsi ilə dünyaya necə yaya bilərik? Bu mükafatla onun əməyinə qiymət verdik və çox xoşbəxtik”.

Mükafatı Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qəbul edib.

Pərviz Şahbazov Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən indiyədək Almaniyada bir sıra mühüm tədbirlərin keçirildiyini xatərladıb. O, misal kimi Berlində “Müasir incəsənət sərgisi”, “Bakıya uçuş”, Münxen, Köln, Ştutqart və Hamburqda isə Azərbaycan mədəniyyət axşamlarının təşkilini göstərib.

Bavariya Federal Torpağı parlamentinin vitse-prezidenti İnqe Aures Mehriban Əliyeva fərqli fəaliyyəti ilə hər zaman diqqət mərkəzində olduğunu söyləyib: “Onun rəhbərlik etdiyi Fond məktəblərin tikintisinə dəstək verməklə yanaşı, dini məbədlərin bərpasına da köməklik göstərir. Mehriban xanım dostluğun, əməkdaşlığın inkişafı naminə hansı sahələrə diqqət yetirməyin zəruriliyini gözəl bilir. O, fəaliyyəti ilə bunu sübut edib. Hesab edirəm ki, seçilən bu istiqamət doğru yoldur”.

Qeyd edək ki, bu il mükafat Almaniyanın vitse-kansleri, Sosial Demokrat Partiyasının sədri, iqtisadiyyat və ticarət naziri Ziqma Qabrielə, aktyor Bülent Ceylana, Bavariya Federal Torpağının Futbol Federasiyasının prezidenti Rayner Koka və başqalarına təqdim olunub.