Mehriban Əliyeva 2014-cü ilin ən nüfuzlu qadını seçilib

Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin “Nefertiti Media Productions” şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2014-cü ilin ən nüfuzlu qadını adına layiq görülüb.

Sorğu 2013-cü il martın 8-dən 2014-cü il yanvarın 10-dək Fransada və ərəb dünyasında tələbələr, jurnalistlər və İnternet şəbəkəsi istifadəçiləri arasında keçirilib. Sorğu siyahısına dövlət başçıları, iri müəssisə və xeyriyyə təşkilatlarının rəhbərlərinin adları daxil edilib.

Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətindəki xüsusi xidmətləri nəzərə alınmaqla, həmçinin mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə görə qalib seçilib.

Sorğunun nəticələri Ərəb Mədəni İrsi Mərkəzinin direktoru Rey Əlqətri Belhasusun adından Azərbaycanın Fransadakı səfirliyinə göndərilən məktubda açıqlanıb.