Mehriban Əliyevaya "2005-ci ilin adamı" mükafatı təqdim edilib

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı "2005-ci ilin adamı" elan etmişdir. Yanvarın 31-də "Park İnn" hotelinin böyük mərasim salonunda mükafatın təqdim edilməsi mərasimi olmuşdur.

Mərasimi ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev açaraq dedi:

- Xanımlar və cənablar! Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən "2005-ci ilin adamı" mükafatının təqdim olunması mərasimini açıq elan edirəm. 2001-ci ildən başlayaraq təqdim edilən bu mükafat, bir qayda olaraq, vətənpərvərliyi və millətə göstərdiyi xidmətləri ilə seçilən insanlara verilir. Azərbaycanın tərəqqisi, milli keyfiyyətlərin qorunub saxlanılması, habelə ölkəmizin dünyadakı imicini layiq olduğu şəkildə formalaşdırmaq kimi böyük amallara xidmət edən mükafatın əsas mənası özlərinin fəaliyyət və yaşam tərzlərini Azərbaycanın rifahına yönəldən şəxslərin müəyyən edilməsi və həvəsləndirilməsindən ibarətdir. Hesab edirik ki, dünya xəritəsində balaca görünən Azərbaycan adlı respublikamızın və eyni zamanda, olduqca böyük vətənimizin qüdrətlənməsinə yönəlmiş hər bir addım təbliğ edilməlidir. Klassiklərdən birinin sözləri ilə desək, bu mükafat həm də hər bir vətəndaşın özünə verməli olduğu "sən bu vətən üçün neyləmisən?" sualının məntiqəuyğun cavabıdır. Əsas qayəsi Azərbaycan və azərbaycançılıq uğrunda çalışan insanların həyat və fəaliyyətini hər bir vətəndaş üçün örnəyə çevirmək olan Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilmiş "İlin adamı" mükafatı artıq ictimai həvəsləndirmə və təşviqetmənin ciddi atributuna çevrilibdir.

Mən mötəbər tədbirimizə dəvət edilmiş qonaqları, mətbuat nümayəndələrini salamlayır və sözü ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə verirəm.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev çıxış etdikdən sonra, mükafatı, dünyanın ilk və ən məşhur saat firması tərəfindən xüsusi olaraq hazırlanmış saatı və mükafatın əsasnaməsinə uyğun olaraq, 20 milyon manatı (4 min yeni manatı) Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya təqdim etdi.

Mehriban xanım Əliyeva mərasimdə çıxış etdi.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev Fondunun əməkdaşları ilə xatirə şəkli çəkdirdi.

Mərasimdə Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər, deputatlar, tanınmış ziyalılar, səfirlər, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.