Mehriban Əliyeva İordaniya Kraliçası Raniya ilə görüşüb
06.05.2008İordaniya Kralı əlahəzrət II Abdullahın xanımı Raniya mayın 6-da Heydər Əliyev Fondunda olmuşdur.
Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyeva hörmətli qonağı səmimiyyətlə qarşıladı.
Mehriban Əliyeva kraliçaya Azərbaycan xalqının ümummilli liderinin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı məlumat verdi.
Kraliça Raniya fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı.
Qonaq Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı.
Mehriban xanım və kraliça Raniya Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmə baxdılar.
Sonra birinci xanımların görüşü oldu.
Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verdi. Bildirildi ki, Fondun əsas məqsədləri ulu öndərin zəngin irsini öyrənmək və təbliğ etmək, onun Azərbaycanın tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsilləri məlumatlandırmaq, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdir. Bununla yanaşı, Fond təhsil, səhiyyə, mədəniyyət və digər sahələrlə bağlı genişmiqyaslı layihələr hazırlayıb həyata keçirir. Uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazasının yaxşılaşdırılması, valideyn himayəsindən məhrum olan uşaqlara hərtərəfli qayğı göstərilməsi, diabet və talassemiyadan əziyyət çəkən insanlara kömək, yeni məktəblərin tikintisi, əlil uşaqlara informasiya texnologiyaları ilə işləmək vərdişlərinin aşılanması, zəngin mədəniyyətimizin öyrənilməsi, təbliği sahəsində görülmüş işlərdən danışan Mehriban xanım hazırda Talassemiya mərkəzinin tikildiyini də bildirdi.
Səmimi görüşə və ətraflı məlumata görə təşəkkür edən kraliça Raniya Heydər Əliyev Fondunun və onun prezidentinin xeyirxah işlərini yüksək qiymətləndirdi.
Hörmətli qonağa Heydər Əliyev Fondu haqqında kitab hədiyyə edildi.
Kraliça Raniya Fondla tanışlıqdan xoş və zəngin təəssürat aldığını bildirdi.