IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşü keçirilib

Mayın 5-də Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşü olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görüşdə çıxış edib.

Beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşünün birinci sessiyası “İnsanların təhlükəsizliyi üzrə müştərək məsuliyyət: davamlı inkişaf üzrə dayanıqlı və inklüziv cəmiyyətlərin qurulması” mövzusuna həsr edilib.

Sessiyada BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, UNESCO-nun baş direktoru İrina Bokova, BMT Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, NATO-nun İctimai Diplomatiya üzrə baş katibinin müavini Tacan İldem, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) kabinet rəhbəri Mario Lubetkin, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, BMT-nin Nayrobi Ofisinin baş direktoru Sahle Zevde, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai çıxış ediblər.

Daha sonra “İqtisadi, maliyyə institutları və inkişaf agentlikləri arasında 2030-cu il gündəliyinə doğru mədəniyyətlərarası dialoq üçün qarşılıqlı əməkdaşlığın qurulması: problemlər və imkanlar” mövzusunda keçirilən ikinci sessiyada da maraqlı çıxışlar dinlənilib.