Prezident İlham Əliyev UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüb

Görüşdə Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, bu baxımdan dünyada böyük nüfuz qazanan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti yüksək qiymətləndirilib.

UNESCO-nun Foruma böyük önəm verməsindən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bildirib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna maraq ildən-ilə artır və bu tədbir artıq qlobal hadisəyə çevrilib.

İrina Bokova UNESCO-nun bu Forumun əsas tərəfdaşlarından biri olmasından məmnunluq duyduqlarını bildirib. Qeyd edib ki, bu mötəbər tədbirə böyük əhəmiyyət verən UNESCO tərəfindən Forumda 15 müxtəlif layihə təqdim olunur. İrina Bokova dedi: “UNESCO regionda böyük nüfuz sahibi olan Azərbaycanın mövqeyini, bütün qonşu ölkələrlə dost və mehriban münasibətlərini yüksək dəyərləndirir”.

Forumun dünyada böyük uğur qazanması münasibətilə dövlətimizin başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təbriklərini çatdıran UNESCO-nun baş direktoru Bakının dünyada mədəniyyətlərarası dialoq məkanı kimi tanındığını vurğulayıb.