İranlı nazirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş

Martın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları Azərbaycanda salamlayan Mehriban Əliyeva ölkələrimiz arasında əlaqələrin bir çox sahələri əhatə etdiyindən və bu əlaqələrin qarşılıqlı hörmət əsasında qurulduğundan şad olduğunu bildirib. Azərbaycan ilə İran arasında münasibətlərin tarixi köklərə əsaslandığı qeyd olunub, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında bir çox sənədlərin imzalandığı diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrimizin ən yüksək səviyyədə olduğunu nümayiş etdirir. Bir çox sahələrdə qurulan əlaqələrdən danışan Azərbaycanın Birinci vitse-prezidenti humanitar sahədə əməkdaşlıq üçün daha geniş imkanların olduğunu da söyləyib və bu əməkdaşlığa dəstəyini verməyə hazır olduğunu vurğulayıb.

Mahmud Vaezi Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edib, onun İran-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb. Mahmud Vaezi Heydər Əliyev Fondunun fəaliyyətindən məlumatlı olduğunu bildirib, Fondun gördüyü işləri yüksək qiymətləndirib. Ölkəmizdə Novruz əhval ruhiyyəsinin şahidi olduğunu deyən qonaq Azərbaycanda bu bayramın böyük təntənə ilə qeyd edildiyini söyləyib və bayram münasibətilə təbriklərini çatdırıb.