Türkiyəyə səfər

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfər ediblər.

İstanbulun Atatürk Beynəlxalq hava limanında dövlətimizin başçısını və xanımını Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Dövlət və hökumət başçılarının şərəfinə nahar

Aprelin 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün İstanbula gələn dövlət və hökumət başçılarının şərəfinə nahar verilib.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva naharda iştirak ediblər.

İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti

Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammiti işə başlayıb. İƏT-in qurucu üzvlərindən olan Türkiyənin ev sahibliyi etdiyi Sammit “Ədalət və sülh üçün birlik və həmrəylik” devizi altında keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sammitdə iştirak ediblər.

İstanbul Sammiti çərçivəsində “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” mövzusunda sessiya

Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammiti çərçivəsində “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” mövzusunda sessiya keçirilib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiyada iştirak edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Türkiyənin birinci xanımı Əminə Ərdoğan qarşılayıb.

Sessiya müqəddəs “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.

Sessiyanı Türkiyənin birinci xanımı açıb. Xərçəng xəstəliyinin qarşısının alınması və müalicəsinin mümkünlüyünü deyən Əminə Ərdoğan bu sahədə həyata keçiriləcək ilk tədbir kimi məlumat bankının yaradılması təşəbbüsünü irəli sürüb.

Mehriban Əliyeva sessiyada çıxış edib.

Sessiyada İƏT-ə üzv ölkələrin dövlət başçılarının xanımlarının “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” Bəyannaməsi imzalanıb.

Sonda xatirə şəkli çəkdirilib.

Dövlət və hökumət başçılarının şərəfinə ziyafət

Aprelin 14-də İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ziyafətdə iştirak ediblər.

13-15 aprel 2016-cı il