Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadanın qalibi olan bədii gimnastika üzrə milli komandamızın üzvlərinə qızıl medalları təqdim edib

Mayın 13-də bədii gimnastika üzrə Azərbaycan milli komandası IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva gimnastların yarışlarına baxıb.

Mayın 12-də - Oyunların möhtəşəm açılış mərasimi günü Milli Gimnastika Arenasında start verilən gimnastika yarışlarına ayın 15-də yekun vurulacaq.

Yığma komandamızın üzvləri Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirovanın iki yarış günü ərzində 4 hərəkətin - halqa, top, gürzlər, lent hərəkətlərinin cəmində göstərdikləri nəticə 128.200 bal ilə qiymətləndirilərək komandamıza İslamiadanın çempionluğunu qazandırıb. Komandamız bu xalların 65.250-sini mayın 12-də top və halqa ilə yarışlarda toplayıb.

İkinci yerdə 123.850 balla Özbəkistan, üçüncü yerdə isə 101.650 balla Türkiyə milli komandaları qərarlaşıblar.

Yarışlar başa çatandan sonra mükafatlandırma mərasimi olub.

Medalları qaliblərə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva təqdim edib.

“Bakı-2017”nin çempionu olan bədii gimnastika komandamızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Mayın 14-də müxtəlif alətlər üzrə fərdi yarışlarda final mərhələsi keçiriləcək.

Xatırladaq ki, Marina Durunda və Jalə Piriyeva lent və gürzlərlə hərəkətlərdə finala yüksəliblər.