Prezident İlham Əliyev ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidentinə “Dostluq” ordeni təqdim edib

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Marianna Vardinoyannisə “Dostluq” ordenini təqdim edib.

Dövlətimizin başçısı keçən ilin dekabrında Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Marianna Vardinoyannisin “Dostluq” ordeni ilə təltif edildiyini bildirib. Prezident İlham Əliyev Marianna Vardinoyannisin bəşəri dəyərlərin təşviqindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd edib və ordeni ona təqdim edib.

Marianna Vardinoyannis bu mükafatın verilməsinin onda böyük qürur hissi doğurduğunu bildirib. “Dostluq” ordeninə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Marianna Vardinoyannis Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətlərinin böyük maraqla izlənildiyini deyib. O, Mehriban Əliyevanın beynəlxalq layihələrə verdiyi dəstəyi yüksək qiymətləndirib.