Birinci vitse-prezident Mehriban Əliyeva Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Sentyabrın 15-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Respublikasının Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fransalı qonaqları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edən Mehriban Əliyeva nümayəndə heyətinin bu səfərinin Fransada prezident seçkilərindən sonra ölkəmizə ilk səfəri olduğunu söyləyib və onlara uğurlar arzulayıb. “Çox sevindirici haldır ki, sizin səfəriniz ölkəmiz, həmçinin ikitərəfli əlaqələrimiz üçün çox əhəmiyyətli bir hadisə ilə üst-üstə düşür. Bu gün Bakıda Fransız-Azərbaycan Universitetinin yeni binasının açılış mərasimidir. Bu hadisə son illər xalqlarımız arasında əməkdaşlığın, xüsusilə də humanitar sahədə əməkdaşlığın davamıdır”, - deyən Mehriban Əliyeva universitetin ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsinə əlavə təkan verəcəyinə əminliyini bildirib. Qeyd edib ki, Bakıda Fransız liseyi də fəaliyyət göstərir və bu lisey bu gün artıq aparıcı təhsil ocaqlarından biridir. Fransız-Azərbaycan Universitetinin fəaliyyətini təhsil sahəsində əlaqələrin inkişafı üçün çox mühüm bir addım kimi dəyərləndirilib. Vurğulayıb ki, bu hadisə, eyni zamanda, hər iki ölkədən olan tələbələr, müəllimlər, elm adamları arasında əlaqələrin dərinləşməsinə kömək edəcək. Mehriban Əliyeva əlaqələrin möhkəmlənməsi və genişləndirilməsində humanitar əməkdaşlığın vacibliyini bir daha vurğulayaraq bildirib ki, insanları, xalqları bir-birinə yaxınlaşdıran məhz bu sahədə qurulan əlaqələrdir. Son illər ölkəmizin bu sahədə bir çox nailiyyətlər əldə etdiyi, Azərbaycan reallıqlarının, mədəniyyətinin, tarixinin Fransada təbliğ olunduğu diqqətə çatdırılıb.

Əməkdaşlığımızın bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu deyən Mehriban Əliyeva bildirib ki, bu il Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi qeyd edilir və bütün bu illər ərzində ölkələrimiz arasında bir çox sahələrdə geniş əlaqələr yaradılıb. Münasibətlərimiz qarşılıqlı hörmət və marağa əsaslanır. Ötən illərə nəzər salan Mehriban Əliyeva əməkdaşlığımızın müxtəlif sahələri əhatə etdiyini, o cümlədən energetika, nəqliyyat, texnologiyalar, kənd təsərrüfatı sahələrində qurulan əlaqələrdən danışıb. İkitərəfli əlaqələrimizin potensialının daha geniş olduğu, yeni layihələr üzərində işləməyin vacibliyi vurğulanıb, ölkəmizə göstərilən marağa və diqqətə görə minnətdarlıq ifadə olunub.

Jan-Batist Lömuan Mehriban Əliyevanın fəaliyyəti barədə məlumatlı olduğunu, iki ölkə arasında münasibətlərin dərinləşməsi üçün Parisdə və Fransanın regionlarında bir çox işlər gördüyünü qeyd edib və bu fəaliyyəti yüksək qiymətləndirib. Bildirib ki, bu, əməkdaşlıq üçün atılan vacib addımlardır.