Məcburi köçkün ailələrinə Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi olub

Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində iyunun 27-də Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Mehriban Əliyeva mərasimdə çıxış edib.

XXX

Füzuli rayonundan məcburi köçkün Rafiz Kərimov çıxış edərək dedi:

- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, hörmətli mərasim iştirakçıları. İcazə verin hamınızı Ramazan bayramı münasibətilə təbrik edim, sizə cansağlığı, xoşbəxtlik arzulayım.

Hörmətli Mehriban xanım, icazə verin bu fürsətdən istifadə edib Birinci vitse-prezident təyin edilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim və Azərbaycan Prezidenti İlham Əliyevə bu təyinatına görə təşəkkürümü və minnətdarlığımı çatdırım.

Hörmətli Mehriban xanım, Sizin həm ölkə daxilindəki, həm də xaricdəki əməli fəaliyyətiniz Azərbaycan xalqının gözü qabağındadır. Müstəsna hal olaraq qeyd edim ki, xarici ölkələrdə Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin təqdim edilməsində şəxsən Sizin Azərbaycan vətəndaşı kimi böyük xidmətləriniz olmuşdur və bunun sayəsində Azərbaycan bu gün sülhsevər bir ölkə kimi, idman, mədəniyyət mərkəzi kimi tanınır.

Mehriban xanım, biz 20 ildən çoxdur Xəzər rayonunun ərazisində məşkunlaşmışıq. Çətinliklərlə də rastlaşmışıq, problemlərimiz də olub. Lakin Sizin deputat olarkən də gördüyünüz işlər məhz bizim gözümüzün qabağında olub. İstər səhiyyə, istər elm sahəsində, istər ərazidə olan yeni quruculuq işlərində, - mən hamısını bir-bir sadalayıb vaxtınızı almaq istəmirəm, - məktəbindən, bağçasından, yolundan tutmuş hamısında Sizin əməyiniz var və fəaliyyətiniz olub. Buna görə də bir daha Sizə minnətdarlığımızı bildiririk.

Qarabağ müharibəsi veteranı Rafiz Kərimov ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatında, Füzuli rayonunun 20 kəndinin və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin azad olunmasında şəxsən iştirak etməsindən fəxr hissi keçirdiyini bildirdi. Bu siyasətin bu gün də davam etdirildiyini deyən Rafiz Kərimov bu bayram günlərində ikiqat sevinc yaşadıqlarına görə bir daha məcburi köçkünlər adından Mehriban Əliyevaya minnətdarlıq etdi. “Bizim arzumuz vətənə, yurdumuza qayıtmaqdır”, - deyən Fariz Kərimov Prezident İlham Əliyevin rəhbərliyi altında Cocuq Mərcanlı ətrafında, Lələtəpədə və digər ərazilərdə olan qələbələrin tezliklə təkrarlanacağına ümid etdiyini, bu gün Lələtəpədə ucalan üçrəngli bayrağımızın tezliklə Qarabağın bütün şəhərlərində, o cümlədən doğulduğu Fizuli rayonunda dalğalanacağına əminliyini ifadə etdi.

XXX

Şuşadan olan məcburi köçkün Vüsalə Fətəliyeva paytaxtın Xəzər və Xətai rayonlarında qəzalı binalarda yaşayan insanların mənzil şəraitini yaxşılaşdırdığına görə Mehriban Əliyevaya minnətdarlıq edərək dedi:

- Hörmətli birinci xanım, Siz bu missiyanı Heydər Əliyev Fondunun, Mədəniyyət Fondunun rəhbəri olarkən Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdan başlamısınız. Siz bir rəhbər kimi Qarabağın mədəniyyətini, musiqisini, idmanını, xalçalarını, rəsm əsərlərini, Qarabağa aid olan hər şeyi öz dili ilə dünyaya çatdırdınız ki, bütün dünya Qarabağın keçmişini tanısın, bu torpaqların yiyəsi olduğumuzu bir daha bilsin. Bu, böyük, çətin məsələ idi. Bu missiyanı davam etdirərək Siz bütün Azərbaycanda, o cümlədən məcburi köçkünlərin həyatında çox vacib olan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini reallaşdırdınız ki, bu, insanların bilikli və savadlı olmaları, dünya həqiqətlərini həm dərk etmələri, həm yaymaları üçün önəmli şərt idi.

Sizin Birinci vitse-prezident kimi ilk müşavirənizdə dediyiniz bir fikri xatırlatmaq istəyirəm. Siz dediniz ki, insanların rifah halını yaxşılaşdırmaq çox vacib şərtdir. İnsanların rifah halının yaxşılaşması üçün onların mənzillə təmin olunması vacib şərtdir. Ancaq bu, onların torpaqlarına qayıtmaları üçün əsas vasitə deyil. Hər kəs öz doğma yurduna qayıdacaq və bunlar müvəqqəti ünvanlar olacaq. Siz yekun nitqinizdə söylədiniz ki, insanların həyatı üçün iki amil vacib şərtdir. Birincisi mənzil, ikincisi isə iş. Bu böyük bir reallıq idi və bu reallığı hamıya qismət etdiyiniz üçün Sizə dərin təşəkkür edirik.

Vüsalə Fətəliyeva qeyd etdi ki, Mehriban Əliyevaya hər zaman Qarabağ mövzusuna böyük önəm verib, bu mövzunun ölkəmizdə keçirilən bütün tədbirlərdə, həmçinin Qarabağ atlarının timsalında İslam Həmrəyliyi Oyunlarında qabardılmasına diqqətlə yanaşıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən bərpa olunan Cocuq Mərcanlıda tikilən Şuşa Məscidinin bənzərinin bütün qaçqın və məcburi köçkünlərdə öz doğma yurdlarına qayıdacaqlarına inam yaratdığını deyən Vüsalə Fətəliyeva çıxışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının uğurlarından da danışdı.

XXX

Sonra Laçın rayonundan məcburi köçkün Zabilə Cəfərova çıxış edərək dedi:

- Hörmətli Mehriban xanım, Azərbaycanın Birinci vitse-prezidenti kimi qaçqın və məcburi köçkünlərə göstərdiyiniz xüsusi qayğıya görə onların adından Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin bizə göstərdiyiniz qayğının nəticəsidir ki, bu yaxınlarda - 2017-ci il mayın 30-da Qaradağ rayonu ərazisində köçkünlərin yaşayışının yaxşılaşdırılması üçün 1026 nəfərlik ailənin yaşayış kompleksinin təməli qoyulub. Bu gün də bu tədbirin təşkili biz məcburi köçkünlərin hədsiz sevincinə səbəb oldu. Bizi o ağır, şəraitsiz vəziyyətdən bu yeni rahat mənzillərə köçürməklə hər birimizin ailəsinə sevinc bəxş etdiniz. Əlbəttə, öz doğma yurd-yuvalarından didərgin düşmüş insanlar üçün tikilən evlər, salınan qəsəbələr yaşayış şəraitinin yaxşılaşdırılması üçün lazımdır. Biz bilirik ki, bu ünvanlarda müvəqqəti məskunlaşırıq. Əminik ki, cənab Prezidentin və Sizin yürütdüyünüz siyasət nəticəsində biz tezliklə Qarabağa, öz doğma yurdlarımıza qayıdacağıq. Dünyanın heç bir yerində qaçqın və köçkünlərə bizdəki qədər qayğı göstərilmir. Biz qaçqın və məcburi köçkünlər hər zaman Sizin və Prezidentimizin diqqət və qayğısını görürük.

Zabilə Cəfərova Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən çoxşaxəli fəaliyyətdən danışdı, onun Azərbaycan mədəniyyətinin inkişafı və digər sahələrdə gördüyü işlərin ölkəmizin tanıdılmasına xidmət etdiyini vurğulayaraq dedi:

- Biz Azərbaycan xanımları Sizinlə fəxr edirik və Sizi özümüzə nümunə götürürük. Siz savadınızla, zövqünüzlə, davranışınızla, sadəliyinizlə və təşkilatçılıq qabiliyyətinizlə nümunəsiniz. Hörmətli mehriban xanım, Prezidentin ən yaxşı silahdaşı kimi xalqımız üçün gördüyünüz xeyirxah işlər haqqında saatlarla danışsaq azdır. Bir daha məcburi köçkünlər adından Sizə təşəkkür edir və bundan sonrakı fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik arzu edirəm.

XXX

Laçın rayonundan məcburi köçkün Əmirxan Zeynalov da çıxışında Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən işlərin ölkəmizə uğurlar gətirdiyini bildirdi. Mehriban xanımın mədəniyyətin, sosial sahənin inkişafı ilə bağlı gördüyü işlərin, xüsusilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün evlər tikdirməsinin böyük mənəvi əhəmiyyətinin olduğunu deyən Əmirxan Zeynalov onun deputat olduğu dövrdə Xəzər rayonunda gördüyü böyükmiqyaslı quruculuq işlərindən danışdı. O, Mehriban Əliyevanın xalqa bağlılığının təsadüfi olmadığını, bunun xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasətindən qaynaqlandığını vurğuladı.

Əmirxan Zeynalov son illərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, Azərbaycanın dünyada tanındığını, ölkəmizdə əsrlərdir mövcud olan xeyriyyəçilik ənənələrinin bu gün də yaşadıldığını bildirdi, işğal olunmuş torpaqlarımıza qayıdacağımıza əminliyini ifadə edərək dedi:

- Aprel döyüşlərində şəhid verdik. Heç vaxt torpağı şəhidsiz azad etmək mümkün deyil. Bu, müharibənin qanunudur. Döyüşün qızğın vaxtında Siz Prezidentimiz İlham Əliyevlə birlikdə döyüş bölgəsinə getdiniz, Ordumuza ilham, güc, qürur verdiniz. Onlar daha da qüdrətləndilər, ermənilərə ağır zərbə endirdilər. Nəhayət, ən kövrəldici bir hadisəni də deməliyəm. Siz qəhrəman şəhidlərimizin ailələri ilə görüşdünüz. O görüş heç vaxt insan xəyalından silinməz. Dövlət hər gün o şəhid ailələrinə diqqət və qayğı göstərdi, onları hər cür şəraitlə təmin etdi. Amma bunlar Sizin göz yaşlarınız qədər onlara təmkin, qüvvət vermədi. Siz onların yaralarına su sərpdiniz. O göz yaşlarınız məni də kövrəltdi. Əhsən Sizə. Siz doğrudan da xalqın qədrini bilən, dərdinə şərik olan, anaları, bacıları, kimsəsizləri qiymətləndirən qeyrətli, vüqarlı, təşkilatçı, iradəli, tədbirli bir xanımsınız. Arzum odur ki, Prezident İlham Əliyevlə çiyin-çiyinə yeni-yeni uğurlara, yeni-yeni qələbələrə doğru gedəsiniz. Qarabağın azad olunmasını və Sizin orada Prezident İlham Əliyevlə, bizlərlə birlikdə qələbə bayrağını ucaltmağınızı diləyirəm.

XXX

Mehriban Əliyeva fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirdi.

Sonra Mehriban Əliyeva Masazır qəsəbəsində məcburi köçkün ailələri üçün yeni mənzillərdə yaradılan şəraitlə tanış oldu.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verdi ki, Masazır qəsəbəsində “Yeni Bakı” yaşayış kompleksində 164 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub. Bundan başqa, Mehdiabad qəsəbəsindəki Binəqədi Gənclər şəhərciyində 50 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib. Mənzillər təmirlidir və mətbəx mebelləri ilə təchiz olunub. Ümumilikdə sözügedən 214 mənzil Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki “Energetika” pansionatında yararsız binada və Xətai rayonunun Gəncə prospektindəki qəzalı vəziyyətdə olan binada məskunlaşan məcburi köçkünlər üçün nəzərdə tutulub.

Xatırladaq ki, 2017-ci il martın 9-da Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirə keçirilmişdi. Müşavirədə bu günədək qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsinin yaşadığı və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımların atılmalı olduğu bildirilmişdi. Bunun üçün Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələrinin tezliklə yeni mənzillərə köçürülməsi barədə tapşırıq verilmişdi. Bu gün isə Ramazan bayramı günlərində 214 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib.

XXX

Mehriban Əliyeva Xocalıdan şəhid ailəsi Ulduzə Xocayevanın mənzilində oldu, onları yeni mənzilə köçməsi münasibətilə təbrik edərək dedi:

- Sizi Təbrik edirəm.

Ulduzə Xocayeva: Çox sağ olun. Sizin bizə etdiyiniz bu köməyə görə mən bilmirəm necə minnətdarlıq edim. Siz çox gözəl işlər görürsünüz. Mən əvvəlki yaşayış yeri ilə indiki mənzili müqayisə edə bilmərəm.

Mehriban Əliyeva: Siz “Energetika” pansionatında məskunlaşmış məcburi köçkün idiniz. Ora qəzalı vəziyyət olan bir yer idi. Ona görə də elə birinci o ailələri köçürdük. Bizim indi məqsədimiz ən çətin vəziyyətdə yaşayan dörd min ailənin iki il ərzində köçürülməsidir. Mən əminəm ki, biz birlikdə bu məqsədə nail olacağıq. Artıq dövlət tərəfindən də binalar tikilir. Tikilmiş binalarda mənzillər ayrılır, təmir olunur. Çox yaxşıdır ki, biznes strukturları da bu işə qoşulub. Onlar da yardım edirlər. Əminəm ki, bir problem olmayacaq. Biz yalnız birlikdə güclüyük.

Ulduzə Xocayeva: Biz Sizin yaxşı işləriniz barədə xəbərləri televizorda görür, sevinirik. Bu gün bizə bu cür şəraiti yaratdığınıza görə ürəyim sözlə doludur, hansını deyim ki, qəlbim rahatlaşsın.

Mehriban Əliyeva: Mənim üçün əsas odur ki, sizin artıq yaxşı şəraitiniz var, normal şəraitdə yaşayırsınız, o əzablardan canınız qurtarıb.

Ulduzə Xocayeva: Sizin sayənizdə mən də, övladlarım da bu gündən sonra belə bir şəraiti olan mənzildə yaşayacağıq. Ona görə də bilmirəm Sizə necə dua edim ki, ürəyim rahatlaşsın. Çox gözəl şəraitimiz, rahat yollarımız var. Hamısı göz qabağındadır. Mehriban xanım, çox sağ olun, təşəkkür edirik, Allah Sizə cansağlığı versin. Prezidentimizin də, Sizin də bizə - məcburi köçkünlərə, şəhid ailələrinə çox böyük hörmətiniz var.

Mehriban Əliyeva: Çox sağ olun. Prezidentin də böyük salamları var. Tapşırdı ki, mən salamlarını, hörmətini sizə çatdırım. Mən sizi əmin edirəm ki, Prezidentin bütün fəaliyyəti yalnız və yalnız Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına, ölkəmizin güclənməsinə, insanların daha yaxşı şəraitdə yaşamasına yönəlib. Əlbəttə ki, əhalimizin məcburi köçkünləri və qaçqınları ən böyük diqqətə layiqdir. Həm Azərbaycan Prezidenti, həm də dövlət qurumları onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün əllərindən gələni edir və edəcəklər. Mən çox şadam ki, cəmiyyətimizdə birlik var. Azərbaycan xalqı elə xalqdır ki, hər zaman qonşusuna, yaxınına, dostuna, heç tanımadığı insana da yardım etməyə hazırdır. Bu, xalqımızın çox gözəl adətidir, xasiyyətidir. Bu birliyimiz, bu gözəl xüsusiyyətlərimiz olduğuna görə biz qarşımızda duran bütün məqsədlərə nail olacağıq. Biz yalnız və yalnız birlik nümayiş etdirməliyik, bir olmalıyıq və hər kəs öz vəzifəsinə çox böyük məsuliyyətlə yanaşmalıdır. Ali məqsəd ancaq və ancaq Azərbaycan insanına, Azərbaycan vətəndaşına xidmətdir. Bugünkü nailiyyətlər, Azərbaycanın bugünkü qüdrəti, gücü, inkişafı məhz buna görədir.

Sizin neçə ovladınız var?

Ulduzə Xocayeva: Altı uşağım, 27 nəvə-nəticəm var.

Mehriban Əliyeva: Maşallah, Allah saxlasın. Hamısı o pansionatda yaşayır?

Ulduzə Xocayeva: Xeyr, bir qismi. Uşağımın biri rayonda yaşayır. Qalan hamısı buradadır. Allah qoysa, Sizin sayənizdə hamısı köçəcək. Allah həmişə Sizə kömək olsun. Şadam ki, övladlarımızı, özümüzü yada salırsınız, qayğımızı çəkirsiniz. Çox razıyam, Allah Sizə həmişə kömək olsun. Ulu Öndərimizin, Prezidentimizin və Sizin sayənizdə hamı Azərbaycanı tanıyır. Çox sağ olun, dərin minnətdarlığımızı bildirirəm. Sizə cansağlığı, bütün işlərinizdə yüksək nailiyyətlər arzulayıram.

Mehriban Əliyeva: Çox sağ olun. Bilirsiniz ki, mən son illər Qarabağ şəhidlərinin anaları ilə, bacıları ilə, məcburi köçkün ailələri ilə tez-tez ünsiyyətdə oluram, onların qarşısında baş əyirəm. Onlar çox böyük hörmətə layiqdirlər. Çünki siz çox çətin vəziyyətdən, çox çətin anlardan keçmisiniz, yaşamısınız, əzizlərinizi itirmisiniz, şəhid vermisiniz və sonra da çox çətin həyat sürmüsünüz. Ona görə də sizdə olan bu dözümlülük, güc, qüvvət, Vətənə bağlılıq, geniş ürək - bunlar hamısı böyük hörmətə və ehtirama layiqdir.

Ulduzə Xocayeva: Sizin belə işlərinizi görəndə fəxr edirik, inanırıq ki, inşallah, tezliklə doğma torpaqlarımıza, yurd-yuvamıza qayıdacağıq.

Mehriban Əliyeva: İnşallah. Mən də Azərbaycan Prezidenti də sizə cansağlığı arzulayırıq. Biz qarşımızda duran bütün məqsədlərə birlikdə nail olacağıq. Çox sağ olun. Sizə xoşbəxtik, uğurlar, uzun ömür arzu edirəm.

XXX

Sonda xatirə şəkli çəkdirilib.