Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Qaradağ rayonunda məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib

Mayın 30-da Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yaşayış kompleksinin baş planı, burada inşa olunacaq məktəb və uşaq bağçasının planı ilə tanış olan Mehriban Əliyevaya məlumat verdi ki, yaşayış kompleksinin tikinti layihəsi üzrə hər biri 2 bloklu, 9 mərtəbəli 11 yaşayış binasının inşası nəzərdə tutulub. Yaşayış binalarında ümumilikdə 1026 mənzil olacaq. Binalardakı mənzillərin ümumu sahəsi 73 min kvadratmetrdir. Mənzillər 1, 2, 3 və 4 otaqdan ibarət olacaq. Bütün mənzillər təmir edilərək və mətbəx mebeli ilə təchiz olunaraq istifadəyə veriləcək. Yeni yaşayış kompleksində hazırda qəzalı binalarda məskunlaşmış 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunacaq. Yaşayış kompleksinə, həmçinin 624 şagird yerlik üçmərtəbəli məktəb binası və 220 yerlik uşaq bağçası, tibb məntəqəsi daxildir. Ərazidə istirahət parkı salınacaq, uşaq meydançaları yaradılacaq.

Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Qaçqın və məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb.

Bu istiqamətdə atılan mühüm addımlardan biri də martın 9-da Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsi oldu. Mehriban Əliyeva müşavirədəki çıxışında vurğuladı ki, görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımlar atılmalıdır. Birinci vitse-prezident bildirdi ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir.

Mehriban Əliyeva Qaradağ rayonunda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlini qoydu.

Mehriban Əliyeva məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimində çıxış etdi.

XXX

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək dedi:

- Xanım Birinci vitse-prezident.

Hörmətli tədbir iştirakçıları.

İcazə verin, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə və çox hörmətli Mehriban xanım, şəxsən Sizin mükəmməl təşkilatçılıq və idarəçiliyiniz sayəsində mütəşəkkil səviyyədə keçirilən, Azərbaycanın idman tarixinə yeni qələbələr bəxş edən, hazırkı təlatümlü zamanda bütün İslam ölkələri üçün həmrəylik kimi qəbul edilən IV İslam Həmrəyliyi Oyunlarının uğurla başa çatması münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.

Hörmətli Mehriban xanım, Birinci vitse-prezident kimi Siz ilk müşavirəni Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda ağır şəraitdə yaşayan 4 min məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına həsr etdiniz. Verdiyiniz tapşırıqlara əsasən, müşavirədən dərhal sonra bu istiqamətdə genişmiqyaslı işlərə başlanıldı. Bu gün 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksinin təməlinin qoyulması da bu işlərin davamıdır.

Bundan əlavə, Heydər Əliyev Fondunun müraciətinə əsasən özəl təşkilatlardan 210 mənzil ayrılıb və hazırda onlarda son tamamlama işləri həyata keçirilir. Həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 260 ailəlik dörd yaşayış binasının tikintisi sürətlə davam etdirilir və cari ilin iyul ayında başa çatdırılacaq.

İlk müşavirədən sonra minlərlə məcburi köçkün bizə müraciət edərək onların minnətdarlığını Sizə çatdırmağı xahiş etdilər. Bu gün fürsətdən istifadə edərək, bu xoş missiyanı yerinə yetirir, onların dərin hörmət və ehtiramını Sizə bildirirəm.

Hörmətli Mehriban xanım, yaşadığımız dövr çox çətin, kritik, təlatümlü hadisələrlə zəngindir. Bir faktı nəzərinizə çatdırım ki, əgər 30 il əvvəl dünyada 30 milyon qaçqın və məcburi köçkün, 25 münaqişə zonası var idisə, bu gün dünyada qaçqın, məcburi köçkünlərin sayı 65 milyonu keçib və münaqişəli zonaların sayı isə 70-ə qədərdir.

Hesab edirik ki, bu münaqişələr hegemon dövlətlər tərəfindən öz siyasi və iqtisadi məqsədlərinə nail olmaq üçün müxtəlif bölgələrdə bilərəkdən yaradılır. Bu dövlətlərin məqsədi yeni coğrafi ərazilərə, təbii sərvətlərə, xüsusən enerji resurslarına sahib çıxmaq, regionların idarəçiliyinə nəzarət etməkdir. Nəticədə kiçik dövlətlər, xalqlar və günahsız insanlar əziyyət çəkir. Bu problemləri yaradanlar isə dünyaya demokratiya dərsi keçir və insan hüquqlarının qorunmasından danışırlar.

Azərbaycan Prezidenti və Siz daim sülhsevər siyasət yeridir, ölkələri həmişə həmrəyliyə dəvət edir, öz xalqına xidmətlə bütün dünyaya nümunə göstərirsiniz.

Dünyanın super dövləti olan ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə Respublika Günü münasibətilə bu günlərdə ünvanladığı təbrik məktubundan bir cümləni vurğulamaq yerinə düşərdi. O qeyd edib ki, “həm ölkələrimiz, həm də dünya üçün daha gözəl gələcək naminə Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm”. Bu, məhz ölkə Prezidentinin və Sizin xalq üçün gördüyünüz işlərə beynəlxalq ictimaiyyət tərəfindən verilən ən yüksək qiymətdir. Ancaq ən layiqli qiyməti Azərbaycan xalqı verib.

Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, bizim əsas vəzifəmiz, məqsədimiz xalqımıza xidmət etməkdir. Son 13 ildə öz tarixi yurdlarından didərgin düşmüş soydaşlarımız üçün 95 qəsəbənin tikilməsi, 250 min nəfərin mənzillə təmin edilməsi bu xidmətin əyani sübutudur.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, möhtərəm Prezidentimiz İlham Əliyev və Sizin tərəfinizdən uğurla davam etdirilən bu siyasətin dünyada analoqu yoxdur və dünyanın heç bir münaqişə zonasında, həmçinin bütün Avropa ölkələrində qaçqın və məcburi köçkünlərə belə qayğı yoxdur. Məhz buna görə də qaçqın və məcburi köçkünlərimizin ölkə başçısına və Sizə olan tükənməz inamlarının da dünyada analoqu yoxdur.

Kaş belə münasibəti qaçqın və məcburi köçkün problemi ilə guya məşğul olan dövlətlərdə, beynəlxalq qurumlarda və təşkilatlarda görə biləydik. Buna görə də əminliklə deyirik ki, Azərbaycan xalqının, o cümlədən bütün qaçqın və məcburi köçkünlərin inam və ümid yeri yalnız möhtərəm Prezidentimiz İlham Əliyevdir və Sizsiniz. Hesab edirəm ki, Prezidentimizin və Sizin öz xalqına, qaçqın və məcburi köçkünlərə xidmətiniz, qayğınız biz məmurlar üçün ən yaxşı nümunədir.

Hörmətli Mehriban xanım, bugünkü tədbirdə ölkəmizdəki iş adamlarını bu məsələyə cəlb etməklə yeni ənənənin əsasını qoyursunuz. Necə ki, cənab Prezident dünyanı iqtisadi böhran bürüyən, neftin qiyməti sürətlə aşağı düşən zaman vəziyyətdən çıxış yolu üçün Ulu Öndərin 1970-ci illərdəki təcrübəsinə müraciət edərək kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafını ön plana çəkdi. Bütün bunlar onu göstərir ki, ölkəmizdə ehtiyat potensial hələ çoxdur və mövcud problemlərin həllində belə imkanlardan səmərəli istifadə etmək olar.

Hesab edirik ki, burada iştirak edən və digər imkanlı iş adamlarımız bu çağırışa qoşularaq, məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq üçün öz imkanlarını əsirgəməyəcəklər.

Məlumat üçün bildirim ki, bu il Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial infrastruktura malik yeni qəsəbə tikilir. 2016-cı ilin aprel döyüşləri zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən Lələtəpə yüksəkliyinin azad edilməsindən sonra Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində yaşayışın bərpa edilməsi üçün imkan yarandı. Prezident İlham Əliyev tərəfindən kənddə birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının, müvafiq infrastrukturun tikintisi, yolun çəkilişi ilə bağlı sərəncamlar imzalandı. Eyni zamanda, Şuşa məscidinin oxşarı olan məscidin tikintisi ilə bağlı tapşırıq verildi.

Bütün bu tikinti işləri son 2 ay müddətində başa çatdırılıb və yaxın günlərdə qəsəbənin açılış mərasimindən sonra Cocuq Mərcanlı sakinlərinin öz evlərinə qayıdışı təmin ediləcək. Bu, Böyük Qayıdışın başlanğıcıdır. Aprel zəfəri isə Azərbaycan Ordusunun hərb tarixində şanlı səhifədir.

Bu gün daha bir yeni yaşayış kompleksinin təməli qoyulur. Məcburi köçkünlər yaxşı bilirlər və bunu dəfələrlə xarici qonaqlara da qətiyyətlə bildiriblər ki, inşa edilən bu yeni qəsəbələr onların müvəqqəti məskunlaşma yerləridir. Məcburi köçkünlər yaxşı şəraitdə yaşamağa layiqdirlər. Çünki onlar həmişə bütün ictimai-siyasi proseslərdə dövlətçilik mövqeyindən çıxış edib, ulu öndər Heydər Əliyevə, cənab Prezidentə və Sizə öz sadiqliyini daim nümayiş etdiriblər.

Ölkə Prezidenti cənab İlham Əliyevi və şəxsən Sizi tam əmin edirəm ki, bundan sonra da verəcəyiniz hər bir tapşırıq, o cümlədən məcburi köçkünlərlə bağlı göstərişləriniz vaxtında, sürətlə və keyfiyyətlə icra olunacaq.

Diqqətinizə görə təşəkkür edirəm.

XXX

Sonra “Paşa İnşaat” şirkətinin layihə rəhbəri Kamil Əliyev çıxış edərək dedi:

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımıza dövlətimiz tərəfindən daim diqqət göstərilir. Bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, müvafiq proqramların qəbulu və onların icrası göz qabağındadır.

Azərbaycan dövləti məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və onların məşğulluğunun artırılması üçün çox böyük işlər görür. Son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin edilib. Ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azad olunublar. Qaçqın və məcburi köçkünlər üçün 100-dək müasir yaşayış kompleksi salınıb, 250 min məcburi köçkün yeni mənzillə təmin olunub. Bütün bunlar dövlətimizin və şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qaçqın və məcburi köçkünlərə olan diqqət və qayğısının əyani göstəricisidir.

Hörmətli Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva, bu ilin mart ayında Sizin sədrliyinizlə keçirilmiş müşavirə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuşdu. Azərbaycan xalqının xeyriyyəçilik ənənələrinin davam etdirilməsi ilə bağlı Sizin fikirlərinizi rəhbər tutaraq “Paşa İnşaat” şirkəti dövlətimiz tərəfindən qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə öz töhfəsini verməyi qərara aldı.

XXX

Şuşa rayonundan məcburi köçkün Vəsilə Xəlilova çıxış edərək bildirdi ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli hər zaman dövlətin sosial siyasətinin əsas prioritetlərindən olub. Prezident İlham Əliyevlə yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da bu kateqoriyadan olan insanların sosial problemlərini hər zaman diqqət mərkəzində saxladığını vurğulayan Vəsilə Xəlilova dedi:

- Sizin rəhbərliyinizlə Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində məcburi köçkünlərimiz üçün müasir tipli məktəblərin tikilməsində, təmir olunmasında, orada təhsil alacaq şagirdlər üçün kompüter otaqlarının, zəngin fənn kabinetlərinin məktəb ləvazimatları ilə təmin olunmasında misilsiz xidmətləriniz var. Bütün bu xeyirxah işlərlə bərabər, münaqişənin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun, şəxsən Sizin, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın zəhməti danılmazdır. Leyla xanımın rəhbərlik etdiyi “Xocalıya ədalət” kampaniyası Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb.

Dövlətimizin başçısı İlham Əliyevin Prezident kimi ilk imzaladığı sərəncamlardan birinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına həsr olunduğunu, Birinci vitse-prezident kimi Mehriban Əliyevanın ilk müşavirəsini məhz məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəltdiyini deyən Vəsilə Xəlilova bunun minlərlə insanın mənzillərlə təmin edilməsinə, onların ağrı-acılarına bir məlhəm olduğunu diqqətə çatdırdı. “Dünyanın heç bir yerində məcburi köçkünlər üçün bu qədər yeni mənzillər tikilib istifadəyə verilməyib”, - deyən Vəsilə Xəlilova hər zaman dövlət qayğısı ilə əhatə edilən iş adamlarını bu xeyirxah təşəbbüsə qoşulmağa dəvət edərək bildirdi:

- Biz həyatın ağrı-acısını görmüş, doğmalarını, əzizlərini itirmiş həssas təbəqəyik. Bu illər ərzində daim dövlətimizin göstərdiyi diqqət və qayğı bizi hər an ruhlandırıb, gələcəyə nikbin baxmaq üçün qüvvət verib. Bunun təzahürüdür ki, mən də dövlətimizin bu diqqət və qayğısından ruhlanaraq öz dissertasiya işimin tədqiqat obyekti kimi məhz məcburi köçkünlərin məşğulluq imkanlarının yaxşılaşdırılması istiqamətini seçmişəm. Hər dəfə bu sahəni tədqiq etdikcə məcburi köçkünlərin arxasında güclü dövlət dəstəyi olduğunun bir daha şahidi oluram. Son 13 ildə 400 mindən çox məcburi köçkünün yeni iş yerləri ilə təmin olunması da buna bariz nümunədir.

Vəsilə Xəlilova görülən xeyirxah işlərə görə bütün məcburi köçkünlər adından Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirdi.