Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri İslamiada çərçivəsində qadın güləşçilərin mübarizəsini izləyiblər

Mayın 21-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarının sonuncu günündə qadın pəhləvanlarımız mübarizə aparıblar.

Heydər Əliyev adına İdman Arenasında səkkiz çəki dərəcəsi üzrə keçirilən yarışlarda qadın güləşçilərimiz 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutublar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri idmançılarımızın qarşılaşmalarına baxıblar.

Mehriban Əliyeva 48 və 69 kiloqram çəki dərəcələri üzrə qalib idmançılara medalları təqdim edib.

Qalib pəhləvanlarımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Yarışda 48 kiloqram çəki dərəcəsində xalça üzərinə çıxan Mariya Stadnik həlledici görüşdə türkiyəli Evin Demirhan üzərində təmiz qələbə qazanaraq qızıl medala sahib olub.

İlk görüşdə Türkiyə təmsilçisi Burcu Kebici tam üstünlüklə məğlub edən gənc pəhləvanımız Leyla Qurbanova (53 kq) ikinci oyunda qazaxıstanlı Aygül Nuralimə qalib gələrək İslamiadanın çempionu adına layiq görülüb.

Yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Tatyana Omelçenko fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çempionluğa gedən yolda idmançımız kamerunlu Tiako Essombeni və Türkiyə güləşçisi Qamze Nur Adakanı vaxtından əvvəl təmiz qələbə ilə məğlub edib.

Digər idmançımız Elis Manolova (69 kq) həlledici qarşılaşmada Qazaxıstan güləşçisi Jamila Bakbergenova ilə üz-üzə gəlib. Görüşdə rəqibinin kürəyini yerə vuran Elis Manolova İslamiadanın qızıl medalına sahib olub.

Azərbaycan güləşçisi, birinci Avropa Oyunlarının bürünc mükafatçısı, qitə çempionu Natalya Sinişin (55 kq) nigeriyalı Odunayo Folasade Adekuoroye ilə üz-üzə gəldiyi həlledici görüşdə gümüş medalla kifayətlənməli olub.

Qadın güləşçilərimizdən növbəti gümüş medalı Alyona Kolesnik (58 kq) qazanıb. Avropa çempionu olan idmançımız Qırğızıstan güləşçisi Aysulu Tinibekova ilə qarşılaşdığı final görüşündə ikinci yerlə kifayətlənib.

Güləş üzrə qadınlardan ibarət milli komandamızın aktivinə üçüncü gümüş medalı 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Səbirə Əliyeva yazdırıb. Ardıcıl üç görüşdə qalib gələn pəhləvanımız gümüş medalı Türkiyə təmsilçisi Yasemin Adar ilə mübarizədə qazanıb.

Azərbaycanın qadın güləşçilərdən ibarət yığma komandasının aktivinə bürünc medalı Elmira Qəmbərova (63 kq) yazdırıb. İdmançımız üçüncü yer uğrunda görüşdə kamerunlu Berte Emilen Etan Nqollaya qalib gəlib.

Beləliklə, Azərbaycanın kişi və qadın güləşçiləri İslamiadada ümumilikdə 12 qızıl, 6 gümüş və 5 bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə pəhləvanlarımız yarışlarda 4 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olublar. Sərbəst güləşçilərimiz milli komandamızın aktivinə 4 qızıl, 2 gümüş və 1 bürünc medal yazdırıblar. Qadın pəhləvanlarımız isə İslamiadanı 4 qızıl, 3 gümüş və 1 bürünc medalla başa çatdırıblar.