Xalq Yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun Bakıda xatirə gecəsi keçirilib

Mayın 16-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Xalq Yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xatirə gecəsində iştirak edib.

Xalq Yazıçısı Maqsud İbrahimbəyov tələsməyən tərzdə qeyri-adi və gündəlik hadisələr haqda yazaraq, personajlarının mənəvi dünyasını dərindən tədqiq edərək xasiyyətlərini oxucuya çatdırıb. Bir çox əsərlərində yazıçı ümumbəşəri problemlər kontekstindən çıxış edərək, öz ənənələri ilə güclü olan Şərq insanının həyat tərzini göstərib. Hamının sevdiyi “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” filmlərinin ssenari müəllifi də Maqsud İbrahimbəyov olub.

Xatirə gecəsi yazıçının sevdiyi bəstəkar Tomaso Albinoninin “Adajio” əsəri ilə başlayıb. “Maqsud hamıya gülümsəyir” adlı gecədə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski zalda Maqsud İbrahimbəyovun doğmalarının, dostlarının, onun istedadının pərəstişkarlarının toplaşdığını deyərək, yazıçının hər zaman sevdiyi insanlara öz təkrarsız gülüşünü bəxş etdiyini bildirib. O, Prezident İlham Əliyevin yazıçının 70 illik yubileyində Maqsud İbrahimbəyov haqda dediyi “Sənətkarı həyatda ikən qiymətləndirmək lazımdır” sözlərini xatırlayıb.

Birinci vitse-prezident Mehriban Əliyeva xatirə gecəsində çıxış edib.

Yazıçının həyat yoldaşı Anna İbrahimbəyova Maqsud İbrahimbəyovun xatirəsinə hörmətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirərək deyib:

- Əziz dostlar, sağ olun ki, Maqsudu yad etmək üçün buraya gəlmisiniz. Mayın 11-də onun ad günü idi. Sağ olun ki, siz də bu gün gəlmisiniz. Mehriban xanım, mən Sizə və cənab Prezidentə Maqsuda və onun xatirəsinə bəslədiyiniz səmimi münasibətə görə çox minnətdaram. Sağ olun ki, bu gün bizimləsiniz. Hər bir məsələdə iştirakınıza və dəstəyinizə görə sağ olun. Çox sağ olun.

XXX

Yazıçının dostu, Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman çıxışına Yuri Levitanskinin “Kajdıy vıbirayet dlya sebya” şeirindən misralarla başlayıb. Diqqətə çatdırıb ki, Maqsud İbrahimbəyovu üç sözlə xarakterizə etmək olar: Bu, şərəf, ləyaqət və seçimində səhvsizlikdir. “Maqsud İbrahimbəyovun başlıca silahı söz idi. O, söz duelində qeyri-adi dərəcədə zərif idi, eyni zamanda, söz döyüşündə alınmaz sədd idi”, - deyən Mixail Qusman bildirib ki, yazıçı sözün qüdrətinə, sözün hər şeyə qalib gələcəyinə inanırdı və o, tam haqlı idi. Çünki söz çox insanları xilas edib.

Xatirə gecəsində yazıçının əsərlərindən parçalar təqdim olunub, Maqsud İbrahimbəyovun dostları, doğma Bakı, sevdiyi insanlar haqqında fikirləri səslənib.

Sonra Maqsud İbrahimbəyovun həmkarlarının və yaxın dostlarının müsahibələrinin yer aldığı sənədli film nümayiş etdirilib.

1935-ci il mayın 11-də Bakıda anadan olan Maqsud İbrahimbəyov gənc yaşlarından istedadlı nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınıb. Ötən əsrin 60-cı illərində ədəbiyyata qədəm qoyan nəslin nümayəndəsi kimi o, müasirlərinin rəngarəng, dolğun obrazlarını yaradaraq öz dəst-xətti ilə çoxsaylı pərəstişkarlarının dərin hörmət və ehtiramını qazanıb. Müasir ədəbiyyatın görkəmli simalarından olan Maqsud İbrahimbəyov öz yaradıcılığı ilə bədii fikrin zənginləşdirilməsinə töhfələr verib. Onun bir ssenarist və rejissor kimi kinematoqrafiyanın inkişafında da mühüm xidmətləri var. Maqsud İbrahimbəyovun ssenariləri əsasında çəkilən filmlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Onun yaradıcılığında əksini tapan Azərbaycan xalqının milli xüsusiyyətləri, adət-ənənələri, xüsusilə Bakının özünəməxsus koloritli təsviri təqdirəlayiqdir. Film “Maqsud İbrahimbəyov kimi yazıçılar dünyalarını dəyişmirlər. Onların həyatında təkcə bir tarix var: dünyaya gəldikləri tarix” sözləri ilə yekunlaşır.