Birinci vitse-prezident Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru ilə görüşüb

Aprelin 18-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko ilə görüşüb.

Pyotr Qlıboçkonu salamlayan Mehriban Əliyeva İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə qurulan əməkdaşlıqdan, bu təhsil ocağının Bakıdakı filialının fəaliyyətindən danışıb, filialın yaradılması ilə bağlı layihənin çox uğurlu olduğunu deyib.

Son illərdə ölkəmizin səhiyyə sistemində mühüm işlərin görüldüyü, bu sahədə böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb. Bildirilib ki, indi əsas vəzifə səhiyyə sistemində çalışanların peşəkarlığını daha da artırmaqdır. Mehriban Əliyeva bu baxımdan İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətinin əhəmiyyətinə toxunub və burada təhsil alan tələbələrin gələcəkdə Azərbaycanın səhiyyə sisteminə töhfələr verəcəyinə əminliyini ifadə edib.

“Təhsil və səhiyyə bütün ölkələrdə prioritet sahələrdir”, - deyən Azərbaycanın Birinci vitse-prezidenti ölkəmizdə bu sahələrə göstərilən dövlət qayğısını vurğulayıb. Bu gün Azərbaycanda dünyanın aparıcı ali təhsil ocaqlarının filiallarının fəaliyyət göstərdiyi, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə əməkdaşlığı genişləndirmək üçün yaxşı perspektivlərin olduğu bildirilib.

Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşməkdən məmnun olduğunu vurğulayıb, bu ali təhsil ocağının Bakı filialının fəaliyyətinə verdiyi qiymətə görə minnətdarlığını bildirib. Universitetin nüfuzlu professor və müəllim heyətinin Bakıdakı filialda tələbələrə dərs keçdiyini deyən Pyotr Qlıboçko filialda olduğunu, tələbələrlə görüşdüyünü və onların burada təhsil almaqdan məmnun qaldıqlarını diqqətə çatdırıb. Rektor bildirib ki, İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının çox müasir maddi-texniki bazası var. III kursdan VI kursadək təhsil alan tələbələrin universitetdə strukturlaşmış imtahan verəcəkləri və bunun tələbələrin peşəkarlığının artırılması üçün böyük əhəmiyyət daşıdığı qeyd edilib.

Sonda qonaq Birinci vitse-prezident Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim edib.