Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olublar

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2017” XI Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

Builki sərgidə 22 ölkəni təmsil edən 272 şirkət iştirak edir. Ziyarətçilər 90-dan artıq xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Sərgidə 17 milli və regional stend təmsil olunur.

Prezident İlham Əliyev əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış olub. Nazirlikdən başqa, burada 7 qurum təmsil olunur. Bu şirkətlər sərgidə turizmin müxtəlif istiqamətləri üzrə xidmətlər təklif edir. Ümumilikdə, stenddə Azərbaycanın turizm marşrutları, turizm məkanları, paytaxtla yanaşı, bölgələrimizdə mövcud turizm infrastrukturu və rayonlarımızın turizm potensialı barədə məlumat verilir.

Dövlətimizin başçısı sonra Azərbaycan Turizm Assosiasiyasının stendinə baxıb. Burada 15 şirkət təmsil olunur. Şirkətlər otel və turizm üzrə ixtisaslaşmış qurumlardır. Stenddə Bakı və regionlarda mövcud otel kompleksləri, istirahət məkanları, əyləncə mərkəzləri barədə məlumat almaq mümkündür.

Dövlətimizin başçısı və xanımı Qarabağ stendi ilə də tanış olublar. Bu stend də sərgidə böyük maraqla qarşılanır. Burada Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ barədə ətraflı məlumat verilir.

Dövlətimizin başçısına “ASAN Visa”nın stendi barədə məlumat verilib. Bildirilib ki, sistem işə başlayandan bu günədək 40 min 63 nəfərə elektron viza verilib. Elektron viza üçün müraciət edənlər arasında İran İslam Respublikasının vətəndaşları çoxluq təşkil edir. Almaniya, Böyük Britaniya, ABŞ, Pakistan, Hindistan, İsrail, Türkmənistan, İtaliya və Fransa vətəndaşları da bu xidmətdən istifadə edənlər arasındadır. Elektron viza alanların əksəriyyətinin ölkəmizə səfərində məqsəd turizmdir.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Baku Shopping Festivalı”nın stendində olublar. Aprelin 10-dan mayın 10-dək Azərbaycanın paytaxtında ilk dəfə Ticarət Festivalı keçiriləcək. İldə iki dəfə təşkil olunması planlaşdırılan festivalın keçirilməsində məqsəd turizm baxımından ölkəmizin cəlbediciliyinin yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır.

Prezident İlham Əliyevə festival zamanı alınacaq məhsula görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması prosesi nümayiş olunub.

Rusiyanın Stavropol vilayəti də sərgidə geniş təmsil olunur. Vilayətin qubernatoru Vladimir Vladimirov dövlətimizin başçısına stend haqqında məlumat verib. Burada 50-yə yaxın şirkət, 30-dək sanatoriya öz xidmətlərini təklif edir.

Dövlətimizin başçısı “Natural Halı” şirkətinin stendinə də baxıb. Şirkət Azərbaycanın müxtəlif bölgələrində xalçalar toxutdurur. Onların hamısı əllə toxumadır. Burada əsasən Təbriz şəhərinin, eləcə də Türkmənistanın və digər ölkələrin əllə toxunan xalçaları da var.

Stendlərlə tanış olan Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərin işinə uğurlar arzulayıblar.