Mehriban Əliyeva Makedoniya Respublikasının birinci xanımı Maya İvanova ilə görüşüb

Martın 16-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva V Qlobal Bakı Forumunda iştirak edən Makedoniya Respublikasının birinci xanımı Maya İvanova ilə görüşüb.

Maya İvanovanı Bakıda görməkdən məmnun olduğunu deyən Mehriban Əliyeva V Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin aktuallığını qeyd edib.

Makedoniya Respublikasının Birinci xanımı Maya İvanova Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik edib, gördüyü işləri yüksək qiymətləndirib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Makedoniya Respublikasında uşaqların və qadınların sosial problemlərinin həlli ilə bağlı Mərkəzin fəaliyyətindən danışan Maya İvanova Azərbaycanın Birinci vitse-prezidentinin bu sahədəki təcrübəsini qeyd edib, əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Maya İvanova Mehriban Əliyevanı Makedoniyaya səfərə dəvət edib.

Dəvətə görə təşəkkürünü bildirən Azərbaycanın Birinci vitse-prezidenti birgə layihələrin həyata keçirilməsinin səmərəli olacağını bildirib.

Görüşdə səhiyyə, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.