Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Regional Data və Beynəlxalq Kommutasiya mərkəzlərinin açılışı olub

Dekabrın 5-də Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakıda Regional Data və Beynəlxalq Kommutasiya mərkəzlərinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Regional Data Mərkəzinin və IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzinin operatoru 2015-ci ilin iyun ayında yenidən strukturlaşdırılaraq adı dəyişdirilən “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Qurumun inzibati binası ən müasir standartlara uyğun şəkildə yenidən qurulub. Yeni binada əməkdaşların fəaliyyəti üçün lazımi şərait yaradılıb. Binanın yerləşdiyi ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni yaradılan Data Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Sonra dövlətimizin başçısı və xanımı Beynəlxalq Kommutasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Daha sonra dövlətimizin başçısı və xanımı Beynəlxalq Kommutasiya və Regional Data mərkəzlərinin yerləşdiyi “AzInTelecom” Məhdud Məsuliyyəti Cəmiyyətinin inzibati binasındakı iş şəraiti və maddi-texniki baza ilə tanış olublar.

Respublikamızda bu xidmətlərin daha geniş tətbiqinin zəruriliyini vurğulayan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Sonda xatirə şəkli çəkdirilib.