Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş

Noyabrın 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini Heydər Əliyev Fondunda görməkdən şad olduğunu deyən Mehriban Əliyeva bu səfərin ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib. Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisinin fəaliyyətinin böyük hörmətə layiq olduğu vurğulanıb, qonağın siyasi fəaliyyəti ilə yanaşı, ictimai fəaliyyəti xüsusi qeyd edilib. Onun uşaqlara qayğı, qadınların hüquqlarının müdafiəsi, mədəniyyət və digər sahələrdə gördüyü işləri yüksək qiymətləndirilib. Mehriban Əliyeva qonağın ölkəmizlə, xüsusilə də Heydər Əliyev Fondu ilə gələcək əməkdaşlığına ümidvar olduğunu bildirib.

Baronessa Emma Nikolson Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən danışaraq gələcəkdə Fondla səhiyyə sahəsində bir sıra layihələrin reallaşdırılması təklifini irəli sürüb. Eyni zamanda, Azərbaycan və Böyük Britaniya parlamentlərarası dostluq qrupunun fəaliyyətini yüksək qiymətləndirən Baronessa Emma Nikolson Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanı Lordlar Palatasında görüşlər keçirilməsi məqsədilə Britaniyaya səfərə dəvət edib.