Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 9 May - Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak ediblər

Mayın 9-da İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə Bakıda təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısını və xanımını Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev qarşılayıb.

Müharibə veteranları ilə görüşən Prezident İlham Əliyev onları Qələbə bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıb.

Dövlətimizin başçısına xatirə hədiyyələri təqdim olunub.

Azərbaycan Prezidenti iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə görüşüb, onları Qələbə bayramı münasibətilə təbrik edib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyan Prezident İlham Əliyev İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərən cəsur sərkərdənin, xalqımızın igid oğul və qızlarının, tarixi Qələbənin qazanılmasında payı olan milyonlarla insanın əziz xatirəsini dərin ehtiramla yad edib.

Dövlətimizin başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirib.

Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.