Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər, Bərdə və Ağdam rayonlarında olublar

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar.

Dövlətimizin başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gəlib.

XXX

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində zərər çəkmiş Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxıblar.

Ermənilərin törətdiyi vəhşiliklər nəticəsində Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağıdılıb.

Sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev dəymiş ziyanın tezliklə aradan qaldırılacağını bildirib.

Sonra dövlətimizin başçısı və xanımı cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndinə gəliblər. Onlar artilleriya zərbəsi nəticəsində evi dağılmış kənd sakini Abbas Abbasovun həyətində olublar. Düşmənin açdığı atəş nəticəsində bu kənddə 55 evə ziyan dəyib. Onlardan 14-ü tamamilə dağıdılıb.

XXX

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva daha sonra Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndinə gəliblər.

Dövlətimizin başçısı və xanımı Ermənistan ordusunun vəhşilikləri nəticəsində kənddə yaranmış vəziyyətlə tanış olublar.

XXX

Həmin gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzinə də baş çəkiblər.

Düşmənin dinc əhalini hədəfə alması nəticəsində Ağdamın Çəmənli və Qaradağlı kəndlərinin yaralanmış 3 sakini burada müalicə olunur.

Dövlətimizin başçısı və xanımı onların vəziyyəti ilə maraqlanıblar, tezliklə sağalmalarını arzulayıblar.