Mehriban Əliyeva “ADA” Universitetinin məzun buraxılışı çərçivəsində keçirilən “Qəhrəmanlar unudulmur” adlı tədbirdə iştirak edib

Aprelin 29-da “Gülüstan” sarayında “ADA” Universitetinin məzun buraxılışı və “Vətəndaşlıq və sosial məsuliyyət: qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

“ADA” Universitetinin məzun buraxılışı daha bir vacib ənənə ilə üst-üstə düşüb - “Vətəndaşlıq və sosial məsuliyyət: qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib. Bu gün həm də “ADA” Universiteti milli təhsilimizdə göstərdiyi xidmətin 10 illik yubileyini qeyd edib.

Tədbir Azərbaycan Dövlət bayrağının salona gətirilməsi ilə başlanıb. Sonra Azərbaycan Respublikasının Dövlət himni səslənib.

Bu il bakalavr üzrə ilk buraxılış olub. “Beynəlxalq təhsil sənəti” bakalavrı üzrə 20, “Biznes idarəçiliyi” bakalavrı üzrə 38 məzun buraxılır. Həmçinin 2 ixtisas üzrə 29 magistr olub. Onlar Azərbaycan, Əfqanıstan, Yaponiya, Keniya, Monteneqro, Qırğızıstan, Rusiya, Serbiya, Suriya, Zambiya ölkələrindəndir.

Məzunlara diplomlar təqdim edilib.

Rektor Hafiz Paşayev məzunları təbrik edib.

“ADA” Universitetinin builki məzun buraxılışı Fikrət Əmirovun “1001 gecə” baletindən fraqmentin səsləndirilməsi ilə müşayiət olunub.

Sonra Mehriban Əliyeva mərasimdə çıxış edib.

Universitetin birinci prorektoru Qalib Məmmədov, rektoru Hafiz Paşayev və akademik Roald Saqdeyev tədbirdə çıxış ediblər.

Qeyd edək ki, təhsil ocağı təqaüd fondu təsis edib. İki həftə ərzində bu fonda 1 milyon manatdan çox vəsait toplanıb. İlin sonunadək həmin vəsaitin 3 milyon manata çatacağı gözlənilir. Bu vəsaitin hesabına Vətən uğrunda şəhid olanların övladları təhsil alacaq.