Birinci Avropa Oyunları ilə əlaqədar mükafatlandırma mərasimi

2015-ci il iyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla görüş keçirilib.

Azərbaycanın birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edib:

- Hörmətli cənab Prezident.

Hörmətli prezident Patrik Hikki.

Əziz idmançılar.

Əziz dostlar.

Xanımlar və cənablar.

İlk Avropa Oyunlarının uğurla başa çatması və idmançılarımızın nailiyyətləri münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Azərbaycan öz qüdrətini, əzəmətini və birliyini dünyaya bir daha nümayiş etdirdi.

Əziz idmançılar, bizə qələbə sevincini bəxş etdiyinizə görə sizə öz dərin hörmətimi və məhəbbətimi ifadə edirəm.

Hörmətli cənab Prezident, bizim əməyimizi belə yüksək qiymətləndirib Azərbaycanın ali orden və medalları ilə təltif etdiyinizə görə hər birimizin adından Sizə öz dərin minnətdarlığımı bildirirəm. Müstəqil Azərbaycanın hər bir qələbəsinin arxasında Sizin əməyiniz, biliyiniz, iradəniz durur. Çox sağ olun ki, biz bu gün qüdrətli, sabit, öz sözünü deyən və öz maraqlarını qoruyan dövlətin vətəndaşıyıq. Çox sağ olun ki, Sizin və Azərbaycan xalqının birliyi nəticəsində ölkəmiz belə inanılmaz nailiyyətlərə imza atıb. Oyunlara hazırlıq zamanı bizə göstərdiyiniz dəstəyə görə çox sağ olun. Ən çətin məqamlarda, ən dramatik anlarda Siz bizə arxa oldunuz. Sizin ölkəmizə, xalqımıza olan inamınız heç bir şübhə qoymurdu ki, hər şey əla olacaq və biz yenə də qələbə çalacağıq. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib qorxuda bilməz və ədalət, xoş niyyət, xalqla birlik hər zaman zəfər çalacaq.

Bu 17 gün ərzində yaşadığımız xoş anlar üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Mən idman leksikasından istifadə etsəm deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda, əlbəttə, qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir və xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir.

Cənab Prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə daha da tam gücümüzlə xidmət etməyə hazırıq.

Çox sağ olun, bir daha çox sağ olun ki, Azərbaycanı belə yüksək zirvələrə qaldırmısınız. Qoy Tanrı Sizi və Azərbaycanı hər zaman qorusun! Çox sağ olun.