Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda “Sülh ağacı”nın açılış mərasimi olub

Mayın 17-də Bakıda Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sülh ağacı”nın açılış mərasimi olub.

Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.

Tədbirə UNESCO-nun baş direktoru İrina Bokova və III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gəlmiş bir sıra qonaqlar da qatılıblar.

“Sülh ağacı” abidəsinin önündə xatirə şəkli çəkdirilib.

Bürüncdən hazırlanmış “Sülh ağacı” abidəsi Dövlət Bayrağı Meydanının yaxınlığında, Yeni Bulvarın ərazisində yerləşir. “Sülh ağacı” UNESCO-nun tolerantlıq, sülh rəmzi hesab olunur. Bu abidə ictimai yerlərdə insanları sülh haqqında düşünməyə çağırır. “Sülh ağacı” xalqlar arasında anlaşma rəmzi kimi qəbul olunur, münaqişələri həll etməyi, dünyada sülhü yaymağı təbliğ edir.

Mehriban Əliyeva mərasimdə çıxış edib.

Daha sonra İrina Bokova və “Sülh ağacı”nın müəllifi, UNESCO-nun dünya rəssamı Xedva Ser çıxış ediblər.

Sonda Mehriban Əliyevanın adınadan mərasim iştirakçılarının şərəfinə ziyafət verilib.