Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub

İyunun 24-də Brüsseldə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunmuşdur.

Bu münasibətlə təşkil olunan mərasimə gələn Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Krans Montana Forumunun prezidenti Jan Pol Karteron qarşıladı. Mehriban xanım Əliyeva mərasimə dəvət olunan qonaqlarla görüşdü.

Əvvəlcə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından nahar verildi.

Krans Montana Forumunun Qızıl medalı dünyada öz fəaliyyəti ilə böyük nüfuz qazanmış, xüsusi xidmətləri olan insanlara verilir. Mehriban xanım Əliyevanın Krans Montana Forumunun Qızıl medalına layiq görülməsi onun mədəniyyət, elm, təhsil, səhiyyə, sosial və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin beynəlxalq miqyasda diqqət mərkəzinə çevrilməsini bir daha təsdiq edir.

Mərasimi Krans Montana Forumunun prezidenti Jan Pol Karteron açdı. “Biz bu mükafatı Mehriban xanım Əliyevaya daha yaxşı dünya qurmaq üçün göstərdiyi dəyərli fəaliyyətinə görə veririk”, - deyən Jan Pol Karteron Qızıl medalı qəbul etdiyinə görə Azərbaycanın birinci xanımına minnətdarlığını bildirdi.

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri də mərasimdə iştirak etməkdən şərəf hissi duyduğunu bildirdi. O, təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə həyata keçirdiyi layihələrlə tanınan Heydər Əliyev Fondunun Azərbaycanda gənc nəslin yetişməsində yaxından iştirak etdiyini dedi. Bildirdi ki, Mehriban xanım Əliyeva Milli Məclisin deputatı kimi fəal siyasətlə məşğul olur və Bakıda İSESKO-nun tədbirlərinin keçirilməsinə yüksək diqqət və qayğı ilə yanaşır. Bu baxımdan Mehriban xanım Əliyevanın fəaliyyətinə beynəlxalq aləmdə böyük diqqət vardır. Mehriban xanım Əliyevanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun əldə olunmasına da töhfə verdiyini vurğulayan İSESKO-nun baş direktoru Krans Montana Forumunun Qızıl medalına layiq görülməsi münasibətilə bir daha xoşməramlı səfiri təbrik etdi.

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Krans Montana Forumunun Qızıl medalını Mehriban xanım Əliyevaya təqdim etdi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi.