Mehriban Əliyeva “İlin qadını” elan edilib

"Lider qadınlar" İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Sosiologiya Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə görə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva "İlin qadını" elan edilmiş, iyulun 18-də Yaxt klubda fəxri mükafatın təqdim olunması mərasimi keçirilmişdir.

Milli Məclisin deputatı, "Lider qadınlar" İctimai Birliyinin sədri Məlahət Həsənova bildirmişdir ki, 1995-ci ildə Pekində keçirilmiş Qadınların 4-cü Beynəlxalq konfransının 10-cu ildönümü münasibətilə Azərbaycanda 2004-cü ilin yekunlarına görə "İlin qadını"nı müəyyənləşdirmək məqsədi ilə sorğu keçirmək üçün təşkilat komitəsi yaradılmışdı. Komitənin işinə respublikamızın, eləcə də xarici ölkələrin təcrübəli ekspertləri cəlb olunmuş, onların iştirakı ilə bu ilin fevralından paytaxtda və respublikamızın regionlarında əhalinin müxtəlif təbəqələri arasından seçilmiş 1800 nəfər respondentə anket paylanmışdır. Sorğu anketinə respublikamızın ictimai-siyasi həyatında xüsusi fəallığı ilə seçilən qadınların adları daxil olunmuşdur. Sorğuya maraq gözlənildiyindən də artıq olmuş, müxtəlif yaş qruplarını, peşə, məşğuliyyət sahəsini əhatə edən minlərlə insan bu anonim sorğuda iştirak etmək arzusu ilə təşkilatçılara müraciət etmişdir. Sorğu iştirakçılarının 74,6 faizi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya birinci yer vermiş, onu yenə də Azərbaycan qadınına xas olan yüksək keyfiyyətlərinə, geniş xeyriyyəçilik fəaliyyətinə görə "İlin qadını" hesab etmişdir. Bir çox respondentlər isə, nəzərdə tutulmasa da, anketin arxa tərəfində öz fikirlərini də yazmışlar. Məsələn, 77 yaşlı təqaüdçü, tarix elmləri namizədi Məmməd Tağıyev ürək sözlərini belə ifadə etmişdir: "Xeyirxahlığı, humanizmi, mərhəməti, sadəliyi və insanpərvərliyi özünə həyat tərzi hesab edən hörmətli Mehriban xanım! Siz səmimiyyətlə nəinki kimsəsizlərə kömək etməyi, hətta insanlarımıza onları sevməyi də öyrətdiniz. Siz ölkəmizdə qısa müddətdə xeyriyyəçilik hərəkatı yaratdınız. Bütün bunlar üçün çox sağ olun!"

M.Həsənova vurğulamışdır ki, bu, cəmiyyətdə minlərlə insanın Mehriban xanım haqqında formalaşmış fikrinin ifadəsidir. Təsadüfi deyil ki, respublikamızda fəaliyyət göstərən 100-ə yaxın qadın təşkilatı onu özlərinin vahid lideri seçmiş, milli birlik, yekdillik nümunəsi kimi səciyyələndirmişdir.

Sonra "İlin qadını" haqqında videofilm nümayiş etdirilmişdir.

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Gimnastika Federasiyasının rəhbəri kimi milli-mədəni dəyərlərimizin qorunub saxlanması və dünyada təbliği, olimpiya idman hərəkatının genişlənməsində böyük xidmətləri olan, bu sahələrdə səmərəli işlər görən Mehriban xanımın xeyriyyəçilik fəaliyyəti də filmdə öz əksini tapmışdır.

Xüsusən kimsəsiz, valideyn himayəsindən məhrum, əqli və fiziki cəhətdən qüsurlu uşaqların müalicəsi, onların təhsilə cəlb olunması, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlər, respublikamızın regionlarına səfərləri zamanı uşaq evləri və internat məktəblərinin problemləri ilə tanış olub bunların həllinə kömək göstərməsi ona cəmiyyətin bütün təbəqələri arasında hörmət və ehtiram qazandırmışdır.

2004-cü il sentyabrın 9-da Parisdə Mehriban xanıma YUNESKO-nun xoşməramlı səfiri diplomunun təqdim edilməsini göstərən kadrlar da maraqla qarşılanmışdır.

Sonra Məlahət Həsənova "İlin qadını" fəxri mükafatını - Azərbaycan qadınının gözəllik, zəriflik və sədaqət rəmzi olan Mömünə xatının adını daşıyan türbənin maketini Mehriban xanıma təqdim etmişdir.

Azərbaycan Sosioloqlar Assosiasiyasının prezidenti Rüfət Quliyev, İtaliyanın respublikamızdakı səfiri Marqarita Kosta, BMT-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Marko Borsotti, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hana Singer, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva, ABŞ-ın ölkəmizdəki səfirinin xanımı, "Dünyaya baxış" təşkilatının proqram rəhbəri Lesli Harniş, Misirin respublikamızdakı səfiri Yusif Əhməd İbrahim əl-Şarkavi, əməkdar elm xadimi, professor Ağabəy Sultanov Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanımı yüksək mükafat münasibətilə təbrik etmiş, onun böyük ictimai, mədəni fəaliyyəti, əsil kübar xanım xarakteri, yüksək şəxsi mədəniyyəti, sadəliyi ilə xarici ölkələrin də ali dairələrində nüfuz qazandığını vurğulamışlar.

Mehriban xanım Əliyeva rəy sorğusunda iştirak edən bütün respondentlərə, ekspertlərə, eləcə də mərasim iştirakçılarına səmimi razılığını ifadə etmiş, ölkəmizin, xalqımızın taleyüklü problemlərinin həllinə yardımçı olmaqdan qürur duyduğunu söyləmiş, bundan sonra da rəhbərlik etdiyi ictimai qurumlar vasitəsilə doğma Azərbaycanımızın tərəqqisi naminə bütün qüvvə və bacarığını sərf edəcəyini bildirmişdir.

Mehriban xanım demişdir:

- Mən öhdəmə götürdüyüm hər bir işə çox böyük məsuliyyətlə yanaşıram. Hər zaman öz fəaliyyətimdə çalışmışam bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik, insansevərlik və mərhəmətlilikdir. Mənim fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə hər birinizə ürəkdən təşəkkür edirəm.

Mərasimdə Milli Məclisin deputatları, dövlət və hökumət nümayəndələri, respublikamızın tanınmış elm, mədəniyyət, incəsənət xadimləri, xarici ölkələrin səfirləri iştirak etmişlər.

Tədbir iştirakçıları Mehriban xanımı təbrik etmiş, onunla xatirə şəkilləri çəkdirmişlər.