Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçi ilə görüş

Martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçi ilə görüşüb.

Mehriban Əliyeva Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçinin ölkəmizə səfərinin ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Keçən il Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini deyən Mehriban Əliyeva ölkələrimiz arasında bütün sahələrdə dostluq və qarşılıqlı marağa əsaslanan əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Azərbaycanın və Yaponiyanın iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığı uğurla inkişaf etdirdikləri bildirilib, bu sahələrdə böyük potensialın olduğu vurğulanıb, Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib.

Energetika sahəsində çox uğurlu əməkdaşlıq aparıldığı, Yaponiyanın iki böyük şirkətinin - “IMPEX” və “ITOCHU” şirkətlərinin uzun illərdir ölkəmizdə səmərəli fəaliyyət göstərdiyi və “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsində fəal iştirak etdiyi vurğulanıb. Bildirilib ki, dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarından birinə malik olan Yaponiyanın informasiya, inşaat texnologiyaları və nəqliyyat sahələrindəki təcrübəsi böyük maraq doğurur.

Mehriban Əliyeva siyasi, iqtisadi sahələrdə uğurlu əməkdaşlıq əlaqələrini vurğulayaraq humanitar sahədə münasibətlərin daha da genişləndirilməsinin vacibliyini bildirib, xalqlarımızın bir-birini daha yaxşı tanıması üçün bu sahənin əhəmiyyətini qeyd edib. “Mədəniyyət sahəsində daha sıx əməkdaşlıq əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcək”, - deyən Mehriban Əliyeva qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətindən danışıb. Turizmin inkişafının ölkəmiz üçün prioritet olduğunu deyən Mehriban Əliyeva bildirib ki, Azərbaycan yeni istiqamət kimi Yaponiya turistləri üçün də maraqlı ola bilər. Təhsil sahəsində əməkdaşlıqdan da danışılıb, Yaponiyanın ali məktəblərində 20 azərbaycanlı tələbənin oxuması, Azərbaycanın ADA və Yaponiyanın Osaka universitetləri arasında Anlaşma Memorandumunun imzalanması bu sahədə uğurlu əməkdaşlıq kimi dəyərləndirilib.

Tomohiko Taniguçi ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyib. O, Yaponiya üçün Azərbaycanla münasibətlərin önəmli olduğunu qeyd edib. Son illərdə ölkələrimiz arasında geniş əməkdaşlığın qurulduğunu və bu əlaqələrin bir çox sahələri əhatə etdiyini deyən qonaq energetika sahəsindəki əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Tomohiko Taniguçi ölkəmizə səfəri zamanı Azərbaycan haqqında bir çox məlumatlar əldə etdiyini də diqqətə çatdırıb.