Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson ilə görüş

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.

Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson Birinci vitse-prezident Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim edib.

Mehriban Əliyeva Baronessa Emma Nikolsonu Azərbaycanda salamlayaraq, qonağın ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. Böyük Britaniyanın Baş nazirinin ticarət elçisinin fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında iştirak edəcəyini qeyd edən Mehriban Əliyeva bu iclasın uğurlu keçəcəyinə əminliyini bildirib. Baronessa Emma Nikolsonla 2016-cı ilin noyabrında görüşünü xatırlayan Mehriban Əliyeva onun geniş fəaliyyətini yüksək dəyərləndirib və böyük hörmətə layiq olduğunu vurğulayıb. “Ölkələrimiz arasında əməkdaşlıq genişləndirilir və gücləndirilir”, - deyən Mehriban Əliyeva bu işdə Baronessa Emma Nikolsonun rolunu xüsusi qeyd edib. Azərbaycanla Böyük Britaniya arasında uzun illər mövcud olan işgüzar əlaqələrin bir çox sahələri əhatə etdiyi diqqətə çatdırılıb, enerji sektorundakı əməkdaşlıq xüsusi vurğulanıb, Azərbaycanda Böyük Britaniyanın bir sıra şirkətlərinin, o cümlədən BP şirkətinin uğurlu fəaliyyəti qeyd edilib. Ümumi dəyəri 42 milyard dollar olan “Cənub Qaz Dəhlizi” layihəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulayan Mehriban Əliyeva bu layihənin uğurla həyata keçirildiyini və BP şirkətinin layihənin əsas tərəfdaşlarından biri olduğunu deyib. Diqqətə çatdırıb ki, layihənin reallaşdırılması ilə ilk qazın bu ilin iyulunda Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılması nəzərdə tutulur.

İki ölkə arasında digər sahələrdə də geniş əməkdaşlıq imkanlarının mövcudluğu qeyd edilib, nəqliyyat, yüksək texnologiyalar, səhiyyə, kənd təsərrüfatı sahələrində böyük potensialın olduğu vurğulanıb. Baronessa Emma Nikolsonun xeyriyyəçilik fəaliyyətindən danışan Mehriban Əliyeva AMAR Beynəlxalq Xeyriyyə Fondu ilə Heydər Əliyev Fondu arasında çox uğurlu əməkdaşlığı qeyd edib. Bildirib ki, İraqda münaqişədən əziyyət çəkən insanlar üçün 2017-ci ildə Baronessa Emma Nikolsonun təklifi ilə köçkün düşərgələrində şahmat turniri keçirilib. Azərbaycanın iki beynəlxalq şahmatçısı Azər Mirzəyev və Fərid Abbasov turnirdə iştirak edərək, oyunlar keçiriblər. Bu layihəyə göstərilən dəstəyə görə Baronessa Emma Nikolsona minnətdarlığını bildirən Mehriban Əliyeva Azərbaycan tərəfinin gələcəkdə də belə layihələrdə iştirak etməyə hazır olduğunu deyib.

Baronessa Emma Nikolson ölkəmizdə olmaqdan məmnunluğunu bildirib. Qonaq Mehriban Əliyeva ilə ikinci dəfədir ki, görüşdüyünü qeyd edərək, keçirilən müzakirələri yüksək dəyərləndirib. Vurğulayıb ki, müzakirələrin nəticəsi olaraq hər iki tərəf üçün böyük maraq doğuran sahələrdə uğurlu işlər görülüb. Qonaq bu fəaliyyətin davam etdirilməsini arzuladıqlarını bildirib.