Prezident İlham Əliyev Beynəlxalq Gimnastika Federasiyasının prezidentini və baş katibini qəbul edib

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabeni və Beynəlxalq Gimnastika Federasiyasının baş katibi Andre Qaysbuxleri qəbul ediblər.

Dövlətimizin başçısı Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının çox uğurla keçirildiyini vurğulayıb və qeyd edib ki, bundan əvvəl də Azərbaycanda gimnastika üzrə dünya və Avropa çempionatları və digər mötəbər tədbirlər yüksək səviyyədə təşkil olunub.

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının uğurla keçirilməsi və ümumilikdə idmanın gimnastika növünə verilən dəstəyə görə Prezident İlham Əliyevə və Mehriban Əliyevaya minnətdarlığını bildirib. 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması ilə bağlı təbriklər çatdırılıb. Morinari Vatanabe 2020-ci ildə Tokio Olimpiya Oyunlarında Azərbaycan gimnastlarının uğur qazanacağına ümidvar olduğunu bildirib.

Dövlətimizin başçısı bu mühüm idman tədbirinin Tokioda keçirilməsi ilə bağlı təbriklərini ifadə edib. Azərbaycanda idmanın inkişafına böyük diqqət göstərildiyi və gənc nəslin idmana olan həvəsinin gündən-günə artdığı vurğulanıb.

Beynəlxalq Gimnastika Federasiyasının baş katibi Andre Qaysbuxler qeyd edib ki, Azərbaycan idman sahəsində, ümumilikdə ölkənin inkişafında inanılmaz uğurlar qazanıb. Bildirilib ki, son illər Azərbaycandakı böyük inkişaf prosesləri dərin təəssürat yaradır.

Prezident İlham Əliyev paytaxtımızda və digər regionlarda genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini bildirib, ən müasir idman strukturunun, o cümlədən gözəl gimnastika idman sarayının inşa edildiyini məmnunluqla vurğulayıb.

Qonaqlar Azərbaycanda gimnastika sahəsində görülən işləri dünyada idmanın gimnastika növünün inkişafına böyük töhfə kimi dəyərləndiriblər. 

Mehriban Əliyeva ölkəmizdə Gimnastika Federasiyasına rəhbərlik etməsindən və xüsusilə bu sahədə əldə olunan uğurlardan qürur hissi keçirdiyini bildirib və qeyd edib ki, Azərbaycanda gimnastikanın inkişafının əsası qoyulan vaxt bu idman növü bir o qədər də populyar deyildi. İndi isə gimnastikaya böyük maraq göstərilir, xüsusilə xeyli sayda gənc qızlar bu idman növü ilə məşğul olmaq və yarışlarda iştirak etmək arzusundadırlar. Bu, çox böyük nailiyyətdir və biz bununla fəxr edirik.