Dövlət rəmzlərimiz

Hər bir dövlətin gerbi, bayrağı, himni var. Onlar dövlətin rəmzləri adlanır. Rəmzlər dövlətin müstəqilliyini təcəssüm etdirir. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

Dövlət rəmzlərini qorumaq, onları sevmək hər bir Azərbaycan vətəndaşının borcudur. Müstəqilliyimizin göstəricisi olan bu rəmzlər uğrunda minlərlə soydaşımız canını qurban vermiş, şəhid olmuşdur. Ona görə də qürur mənbəyimiz olan dövlət rəmzlərini həmişə uca tutmalıyıq.

Bundan başqa dövlətin əlamətləri də olur. Azərbaycanımızın prezidenti, ordusu, milli pulu və paytaxtı var. Bütün bunlar dövlətin əlamətləridir.

Dövlət bayrağımız

Dövlət bayrağımız bərabər eni olan üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.

Bayrağımızdakı mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng müasirliyi, yaşıl rəng dinimizin islam olmasını bildirir.

Azərbaycan bayrağının eni onun uzunluğunun yarısına bərabərdir. Biz bayrağımızın şəkilini çəkəndə, yaxud onu rəngli kağızlardan hazırlayanda ölçülərinin nisbətini pozmamalıyıq.

Dövlət gerbimiz

Dövlət gerbimiz palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov vardır.

Gerbimizi təsvir edərkən onun elementlərini dəyişmək olmaz.

Dövlət himnimiz

1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.

Dövlət himnimiz Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir.

Himnimizi oxuyarkən mətnin sözlərini dəyişmək olmaz.

Musiqisi: Üzeyir Hacıbəyli
Sözləri: Əhməd Cavad

Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!