Lider televiziyasına müsahibə

Mehriban Əliyeva: Bu gün doğrudan da qeyri-adi bir gündür. Mən, əlbəttə, sevinc hissləri keçirirəm. Çünki idman sahəsində olan uğurlar, mən hesab edirəm ki, yalnız idmana aid deyil. Bu, ölkəmizdə həm ictimai həyatın, həm mədəni həyatın, həm də sosial həyatın uğurlarıdır. Bu, demək olar ki, bu günün gözəl bir simvoludur. Əlbəttə, bu cür turniri, Dünya Kuboku turnirini Azərbaycanda - Bakıda keçirmək, hesab edirəm ki, Azərbaycan Gimnastika Federasiyasının böyük qələbəsidir. Bilirsiniz ki, bu ilin aprel ayında Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyi mənim dəvətimlə Azərbaycanda oldular və onda biz təklif etdik ki, bu kubok yarışları Bakıda keçirilsin. Belə bir qərar qəbul olundu. İndi demək istəyirəm ki, nəinki bu il, gələn il də Dünya kuboku Bakıda olacaq və bilirsiniz ki, 2005-ci ildə bədii gimnastika üzrə dünya çempionatı da Azərbaycanda keçiriləcəkdir. Əlbəttə, bu, məni çox sevindirir.

Sual: Azərbaycanda bu gün idmana qayğı dövlət siyasəti səviyyəsindədir və bu sahədə tədbirlər dövlətin dəstəyi ilə həyata keçirilir. Sizin rəhbərlik etdiyiniz Azərbaycan Gimnastika Federasiyası gələcəkdə bu sahədə daha hansı işləri görəcəkdir? İdman gimnastikası, akrobatikanın populyarlaşması üçün nə kimi işlər nəzərdə tutulub?

Cavab: Siz düz qeyd etdiniz ki, Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğı dövlət siyasətinin tərkib hissəsidir. Bugünki turnir bunun doğrudan da, nə qədər əhəmiyyətli olduğunu göstərir. Mən qeyd etmək istəyirəm ki, Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyi, xanım Abruzzini, bir həftədir ki, Bakıdadırlar və bizə kömək edirlər. Onların sözlərinə görə, belə bir turnir başqa bir ölkədə bu səviyyədə keçirilməyib. Hətta Fransa kimi ölkədə bu cür turnir daha aşağı səviyyədə keçirilmişdir. Bu, həm də ona görə çox əhəmiyyətlidir ki, bütün bunları qonaqlarımız özləri görüb, qeyd edirlər. Hamı yarışın gözəl təşkil edildiyini, təşkilati və texniki işlərin yüksək səviyyədə olduğunu bildirir. Mən demək istəyirəm ki, bu, Azərbaycanı həm dünyada ən inkişaf etmiş ölkələrlə bir sıraya qoyur, həm də hətta onlardan da yüksək zirvəyə qaldırır. Ona görə də mən çox sevinirəm ki, bu işi belə səviyyədə həyata keçirə bildik. Biz aprel ayından buna hazırlıq aparırdıq. İlk növbədə çox sağ olsunlar ki, Milli Olimpiya Komitəsi, Gənclər İdman və Turizm Nazirliyi və bizim federasiyanın bütün işçiləri birlikdə çox intensiv iş apardılar. Hamı istəyirdi ki, bu tədbir doğrudan da, belə gözəl səviyyədə keçsin. Çünki bədii gimnastika özü çox gözəl və estetik bir idman növüdür, bunu ayrı cür keçirmək də olmazdı. Yəni hər bir şey gözəl olmalı idi. Hesab edirəm ki, biz buna nail ola bildik. Gələcəkdə ən böyük məqsədlərimizdən biri də odur ki, Olimpiya oyunlarına lisenziya qazanaq. Bu gün siz də gördünüz ki, Dinarə Gimatova çox yüksək səviyyədə çıxış etdi. Onun lisenziya qazanmağa çox böyük şansları var. Başlıca məqsədimiz budur. Amma ondan başqa bizim Federasiyada üç növ var: bunlar akrobatika, tamplinq və idman gimnastikasıdır. Əlbəttə, onlardan ikisi təəssüf ki, Olimpiya növü deyil. Bizdə akrobatika çox güclüdür, amma Olimpiya proqramında yoxdur. Əlbəttə, proqramımızda ən önəmlisi bədii gimnastika olsa da, biz digər növləri də inkişaf etdirir, onlara da yardım edirik. Gələcəkdə bizim planlarımıza böyük bir müasir idman kompleksi tikmək də daxildir. Orada həm məktəb, həm idman üçün zallar, həm də belə turnirləri keçirmək üçün şəraitimiz olacaqdır.

Sual: Mən bir çox yarışlarda iştirak etmişəm. Bu yarışın atributlarından biri də çiçəkdir. İlk dəfədir ki, Bakıda keçirilən beynəlxalq yarışda canlı çiçəkdən istifadə edilib. Sirr deyilsə, bu, kimin ideyasıdır?

Cavab: Sözün doğrusu, bu mənim ideyamdır. Əlbəttə, mənim çox böyük yardımçılarım olub, onlara da təşəkkür etmək istəyirəm. Amma dediyim kimi, bədii gimnastika çox gözəl idman növüdür və ona görə də zalın da buna uyğun şəkildə gözəl olması lazım idi. Mənə elə gəlir ki, biz bunu bacardıq. Qonaqlarımızın da hamısı qeyd etdilər ki, belə bir gözəl tərtibatlı zalı birinci dəfədir görürlər. Hətta dedilər ki, bu cür zal Olimpiya oyunları üçün də yaxşıdır.

Müxbir: Dünya kubokunun mərhələsi Lider TV vasitəsi ilə bütün ölkələrə yayımlanır. Reportajımız efirə gedən zaman Almaniyadan bizə zəng etdilər və Sizə minnətdarlıq bildirdilər.

Mehriban Əliyeva: Bu barədə xanım Abruzzini dedi ki, internetdə də, Beynəlxalq Gimnastika Federasiyasının jurnallarında da bu zalın, tərtibatı işlərin şəkilləri veriləcək ki, yarışları hansı səviyyədə keçirmək üçün o biri ölkələr nümunə götürsünlər.

Yadınızdadırsa, Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətini başqa ölkələr üçün nümunə göstərirdi.

Bu bizim ölkədə son illərdəki siyasətin nəticəsidir və bu işdə İlham Əliyevin çox böyük rolu vardır. Siz bilirsiniz ki, o hər bir kəsə idmanla məşğul olmaq üçün çox böyük bir stimul verib. Yəni bu gün ölkəmizdə güləş, voleybol, həndbol və digər idman növləri üzrə başqa beynəlxalq turnirlərin də hamısı yüksək səviyyədə keçirilir. Bu, ilk növbədə İlham Əliyevin qələbəsidir.