Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak ediblər

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.

Bahar qız dövlətimizin başçısına səməni təqdim edib.

Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.

Dövlətimizin başçısı bayram şənliyində nitq söyləyib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəliblər.

Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar.

Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlətimizin başçısı ilə yumurta döyüşdürüblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxıblar.

Dövlətimizin başçısı, xanımı və ümumxalq şənliyinin digər iştirakçıları Novruz bayramı münasibətilə təşkil olunan “Şərq bazarı” ilə tanış olublar.

Burada bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsullar nümayiş etdirilir. Paytaxtla yanaşı, regionların da fəal qoşulduğu yarmarkada kənd təsərrüfatı məhsulları ilə yanaşı, əl işləri, sənətkarlıq nümunələri, milli mətbəximizə dair müxtəlif məhsullar təqdim olunur.

Xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən stendlər Milli Parkda təşkil olunan bayram şənliyinə xüsusi çalar qatırdı. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılanıb. Bir tərəfdə isə gənc pəhləvanlar qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər. Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş etdirildiyi şənlikdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də yer almışdı.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izləyiblər, qədim el sənətlərinin nümunələrinə, Azərbaycan xalçalarına baxıblar, pəhləvanların, güləşçilərin çıxışlarını izləyiblər, “Nənələr”, “Rəfti”, “Əvəsor” folklor özfəaliyyət kollektivlərinin, “Natiq” ritm qrupunun, aşıqların, Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyasının kollektivinin ifalarını dinləyiblər.

Çay süfrəsinə qonaq olan dövlətimizin başçısı və xanımı milli mətbəximizin müxtəlif nümunələrindən dadıblar.

Novruz bayramı münasibətilə milli mətbəximizə aid xüsusi olaraq 27 poçt markası hazırlanıb.

Prezident və xanımı poçt markalarını imzalayıblar və möhürləyiblər.

Dövlətimizin başçısı və xanımı Azərbaycan Gimnastika Federasiyasının stendində bədii, aerobika, akrobatika və idman gimnastlarının nümunəvi çıxışlarına baxıblar.

Son illər ölkəmizdə sürətlə inkişaf edən idman növlərindən biri də velosiped idmanıdır. 2016-cı ilin avqustunda İsmayıllı rayonunda “ISMA Bikes” velosiped istehsalı zavodunun fəaliyyətə başlaması ölkəmizdə bu idman növünün inkişafına böyük təkan verib. Hazırda bu müəssisədə istehsal olunan velosipedlərə daxildə və xaricdə böyük maraq var.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “ISMA Bikes” zavodunun istehsalı olan velosipedlərə baxıblar.

Prezident İlham Əliyevə 2018-ci il iyunun 5-9-da BMX velosipedi üzrə Azərbaycanda keçiriləcək dünya çempionatının ilk bileti təqdim olunub.

Son illər inkişafda olan idman növləri arasında cüdo da xüsusilə seçilir. Sentyabrın 20-27-də Bakıda cüdo üzrə dünya çempionatı keçiriləcək. Çempionatda 150-dək ölkədən 800-yə yaxın idmançının iştirakı gözlənilir.

Dövlətimizin başçısına cüdo üzrə dünya çempionatının ilk bileti təqdim edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kəmər güləşi üzrə idmançıların çıxışlarını da izləyiblər.

Ümumxalq şənliyində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Novruz bayramına həsr olunmuş xüsusi stend hazırlanıb.

Dövlətimizin başçısı və birinci xanım Novruz bayramına həsr olunan markanın ilk nüsxəsini imzalayaraq möhürləyiblər. Bununla da tarixi əhəmiyyət qazanan bu marka “Azərpoçt” MMC vasitəsilə dövriyyəyə buraxılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin nümayəndələri ilə görüşüblər.

Azərbaycan Prezidenti onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib.

Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Bayram şənliyi incəsənət ustalarının, el sənətkarlarının ifasında rəngarəng konsert proqramı ilə davam edib.