Almaniyaya səfər

Fevralın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 53-cü Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına işgüzar səfərə gəliblər.

Münxenin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel-müzakirə

Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər mövzusuna həsr olunan panel-müzakirədə iştirak edib.

Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.

Dövlətimizin başçısı panel-müzakirədə çıxış edib, daha sonra sualları cavablandırıb.

Panel-müzakirələrdə Estoniya Prezidenti xanım Kersti Kalyulayd, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev və Ukraynanın keçmiş Baş naziri Arseni Yatsenyuk da çıxış ediblər.

Münxen Təhlükəsizlik Konfransında səhiyyə təhlükəsizliyi ilə bağlı panel-müzakirə

Fevralın 18-də Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 53-cü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində səhiyyə təhlükəsizliyinə həsr olunan panel-müzakirəni izləyiblər.

Panel-müzakirədə dünyada baş verən epidemiyaların qarşısının alınmasında BMT-nin, Dünya Səhiyyə Təşkilatının birgə səyləri və bu prosesə vətəndaş cəmiyyəti institutlarının, eləcə də özəl sektorun cəlb olunması yolları, epidemiyalarla mübarizədə innovasiya və müasir texnologiyalardan istifadə və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

53-cü Münxen Təhlükəsizlik Konfransı fevralın 19-da öz işini başa çatdırıb.

16-19 fevral 2017-ci il